Rusiya payız aylarında işğal etdiyi Ukrayna ərazilərində referendum keçirməyi planlaşdırır. Belə ki, rus ordusu tərəfindən işğal edilən Zaporojye vilayət administrasiyasının baş şurasının üzvü Vladimir Roqov mətbuata açıqlamasında Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına daxil olması ilə bağlı referendumların eyni gündə keçirilə biləcəyini vurğulayıb. Roqov bildirib ki, regionda referendum, çox güman sentyabrın birinci yarısında baş tutacaq:
"Düşünürəm ki, bunun eyni gündə keçirilməsi yaxşı olar. Bəli, bu, kifayət qədər real və ən yaxşı variantdır. Hər şey təhlükəsizlik məsələlərindən asılı olacaq. Biz bununla bağlı xersonlu həmkarlarımızla məsləhətləşmələr aparırıq, çünki eyni cəbhədəyik”.
Kremlin və onun dəstəklədiyi separatçı qüvvələrin sözügedən "arzu”sunu Qaynarinfo-ya şərh edən politoloq Tural Rzayev bildirir ki, Kreml Avropanın qaz böhranı fonunda gələcək davranışını və daha güclü silahlar alan Ukraynadan ala biləcəyi sarsıdıcı zərbələr dəyərləndirmək əsasında işğal etdiyi ərazilərdə referendum keçirmək məsələsini payız aylarına salıb:
"Bu tip açıqlamalar onu göstərir ki, Rusiya artıq Ukraynada qondarma rejimlər yaratmaq yox, işğal etdiyi əraziləri öz ərazisinə qatmaq siyasəti yürüdür. Bu da o niyyətdən xəbər verir ki, artıq Rusiya Ukrayna ərazilərini ilhaq etmək istəyir. Qondarma referendumu sentyabr ayına salmaları isə iki məqsəddən irəli gəlir. Moskva birincisi, həmin dövrə qədər beynəlxalq ictimai təzyiqi öyrənməyi düşünür. Artıq Avropada qaz məsələsində problemlər meydana çıxır. Təbii qaz çatışmamazlığı səbəbindən Almaniya qışa hazırlıq üçün daş kömür ehtiyatı yığır. Bu ölkə son 50 ilin ən böyük böhranını yaşayır. Avropada qaz qıtlığı yaranacağı təqdirdə isə Rusiya həmin vəziyyətdən şantaj kimi istifadə edəcək.
Digər tərəfdən, Böyük Britaniya və ABŞ-ın dəstəyilə Ukrayna həmin dövrə qədər ciddi müqavimət göstərə, 300 km-i vuran uzaq mənzilli raketlər ala bilsə, Moskva qondarma referendum məsələsini təxirə salmalı olacaq. Çünki bu halda Ukrayna həmin əraziləri azad edə bilər ki, belə vəziyyətdə referendumun keçirilməsini gündəmə gətirmək Rusiyanı gülünc vəziyətinə sala bilər. Həm Avropa ölkələrinin enerji böhranı fonunda davranışlarını, həm də London və Vaşinqtondan gələn güclü hərbi yardımlardan sonra Ukraynanın əraziləri azad edə bilmək qabiliyyətini nəzərə aldığından, qondarma referendum məsələsini də sentyabra salıblar”.
Rüfət Sultan