"Ötən həftə "Litvanın müstəqilliyinin tanınması haqqında” qərarın denonsasiyası ilə bağlı təqdim edilən qanun layihəsi yalnız ilk belə təşəbbüsdür. Postsovet ölkələrinin müstəqilliyini tanımaqdan imtina ilə bağlı başqa təkliflər də ola bilər”.
Bunu Rusiya Dövlət Dumasının hakim partiyadan olan deputatı Yevgeni Fedorov deyib. Deputat Latviya, Estoniya və Ukraynanın müstəqilliyi ilə bağlı analoji sənədlərin denonsasiya oluna biləcəyini istisna etməyib: "Sadəcə biz Litvadan başlamışıq. Səbəbi aydındır – Litva Rusiya üçün Kalininqrad bölgəsi ilə bağlı vəziyyət, NATO və ABŞ-la qarşıdurma baxımından daha təhlükəlidir. Buna görə də, indi Litva daha vacibdir. Lakin bu, bizim bununla dayanacağımız anlamına gəlmir”.
Onun fikrincə, Baltikyanı respublikalar və Ukrayna SSRİ-dən mövcud qanunvericilik normalarından yan keçərək çıxıblar:"NATO Nizamnaməsində 6-cı bənd var ki, ona görə mübahisəli ərazilər alyansın bir hissəsi ola bilməz. Baltikyanı ölkələrin əraziləri mübahisəli kimi tanınan kimi, bu, Baltikyanı ölkələrin NATO-dan çıxarılması üçün əsas olacaq. Yəni məlum olacaq ki, bu ölkələr NATO-ya qəbul olunanda mübahisəli ərazilər prinsipi pozulub, lakin bu barədə məlumat ancaq indi üzə çıxıb”.
Fedorov hesab edir ki, SSRİ ərazisi 1991-ci ildə qeyri-qanuni şəkildə parçalanıb və bu səbəbdən postsovet ölkələrində hərbi münaqişələr baş verir: "İkinci dünya müharibəsinin nəticələrinə yenidən baxılması üçüncü qlobal münaqişənin başlanmasına gətirib çıxaracaq”.
Bu sayaq açıqlamalar, habelə Rusiya prezidenti Putinin dilindən səslənən anoloji fikirlər onu deməyə əsas verir ki, Kreml təkcə Ukraynanı işğal etməklə kifayətlənmək niyyətində deyil. Rusiya indiki halda, ən azından bütün postsovet məkanını yenidən öz orbiti ətrafında toplamağı düşünür. Görünən odur ki, onların bu istəkləri alınsa, iştahları daha da artacaq və növbəti dəfə Şərqi Avropa ölkələrinə münasibətdə də anoloji fikirdə bulunacaqlar. Bununla, Kreml beynəlxalq qanunlara tüpürdüyünü bir daha ortaya qoyur. Rusiyanın bu yolu tutması Qərb dünyası ilə pisləşən münasibətlər fonunda baş verir. Bu fonda həmin istiqamətdə Kremlin atacağı hər bir addım Qərblə münasibətlərin hətta müharibə səviyyəsinə qədər yüksəlməsinə gətirib çıxara bilər. Belə ki, Ukraynadan fərqli olaraq Baltikyanı ölkələr NATO üzvüdür. Digər tərəfdən, hər hansı bir ölkə ilə apardığı müharibədə çətin duruma düşən dövlət adətən belə hallarda başqa qonşularını da təhdid etmək yolunu tutur.
Litvanın müstəqilliyinin tanınması barədə qərarın denonsasiyası da məhz Moskvanın Ukrayna cəbhəsində düşdüyü ağır vəziyyətilə bağlıdır. Başqa bir tərəfdən, Litva, Latviya və Estoniya kimi Baltik ölkələrinin müstəqilliyini SSRİ tanıyıb. Hansı ki, artıq 31 ildir belə bir dövlət həyatda yoxdur. Belə olan halda, Rusiya özünü nə qədər SSRİ-nin varisi hesab etsə də, olmayan bir dövlətin verdiyi qərarı ləğv edə bilməz.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov qeyd edir ki, Rusiyalı deputatın həmin fikirləri daxili auditoriyaya hesablanmış açıqlamadır:
"Rusiya rəsmi dövlət səviyyəsində diplomatik etiketi nəzərə alaraq deyə bilmədiyi məsələlərdə bu tip "siyasətçi” və "ekspert”lərdən istifadə edir. 100 gündən çox davam edən Rusiya Ukrayna müharibəsində Moskva elə də ciddi nailiyyətlər əldə etməyib. Kreml müharibəyə başlayarkən qarşıya qoyduğu məqsədə çatmayıb. Belə olan təqdirdə, Rusiya çətin vəziyyətdə qaldığını yaxşı başa düşür. Yaranmış vəziyyətdə də Qərbi təhdid etmək üçün digər postsovet ölkələrinə qarşı münasibətdə də təzyiq dilindən istifadə etməyə çalışır”.
Həmsöhbətimiz bildirir ki, belə fikirləri heç bir obyektiv nəticəsi yoxdur:
"Ukrayna müharibəsində belə Rusiya ciddi irəliləyiş əldə etməyib. Post-savaş dövründə isə Rusiyanı daha ciddi iqtisadi-siyasi çətinliklər gözləyir. Ona görə düşünürəm ki, Rusiyadakı bəzi siyasilərin bu tip açıqlamaları sadəcə daxildəki gərginliyi azaltmağa xidmət edir. Çünki Rusiya cəmiyyəti müharibə nəticəsində ölkələrinin gələcəkdə dərin sosial problemlərlə üz-üzə qalacağını bilir. Ona görə də cəmiyyəti millətçilik ideyası, bu tip qəsbkarlıq şüuru ilə aldatmaq üçün ekspert və siyasilərin dililə daxildə manipulyasiya edirlər. Digər tərəfdən, Qərbi Ukraynaya yeni dəstəkdən çəkindirmək məqsədi daşıyır və reallıqda heç bir praktiki əsası yoxdur”.
Rüfət Sultan