Dünya 23:54 17.08.2022

Krım “müqəddəsliyi” mifi necə qırıldı? - Jurnalist Vitali Portnikov yazır

İşğal olunmuş Krımda hərbi obyektlərdə baş verən partlayışlar təkcə silah arsenallarına zərbə deyil. Əminəm ki, bu, həm də yarımadanın ilhaqının ilk günlərindən Rusiya təbliğatı və şəxsən Vladimir Putin tərəfindən uydurulan Krım "müqəddəsliyi” mifinin sonudur.

Bütün müasir Rusiya siyasi sistemi məhz bu "müqəddəsliyə” əsaslanır. Krımın işğalı Vladimir Putinə Rusiya əhalisinin böyük bir hissəsinin psevdo-vətənpərvərlik emosiyaları üzərində oynamağa və vintləri əvvəlkindən daha intensiv şəkildə sıxmağa imkan verdi.

Qaynarinfo xəbər verir ki, bu sözləri jurnalist Vitali Portnikov "Krym.Realii” üçün yazıb.

Rusiya parlament müxalifətinin mifi nəhayət ki, buxarlandı: Dövlət Dumasında təmsil olunan bütün siyasi partiyaların nümayəndələri Krımın ilhaqına səs verdilər və əleyhinə səs verməyə cəsarət edən yeganə deputat - İlya Ponomaryov isə təzyiqə məruz qaldı və mühacirətə getməyə məcbur edildi.

Lakin hələ 2011-ci ilin dekabrında, ilhaqdan cəmi iki il yarım əvvəl Bolotnaya meydanında etirazçılar parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına, onların fikrincə, "Ədalətli Rusiya”nın namizədlərinin qanunsuz olaraq deputat mandatlarından məhrum edilməsinə qarşı çıxmışdılar.

Artıq 2014-cü ildə deputatın hansı partiyadan - "Vahid Rusiya”, "Ədalətli Rusiya” və ya Liberal Demokrat Partiyasından seçilməsi tamamilə əhəmiyyətsiz idi. Və 2022-ci ildə "Ədalətli Rusiya"nın dəyişməz lideri Sergey Mironov "xüsusi əməliyyatın" əsas və ən qatı tərəfdarlarından biridir.

Eyni zamanda, Rusiyanın "yeni nizamının” sabitliyi Krımda sabitliyi nəzərdə tuturdu. Kreml, Ukrayna kurortunu Rusiyanın hərbi bazasına çevirdiyini gizlətməyə üstünlük verdi. 

Əksinə, Krım turizminin inkişafı ilə bağlı məlumatlar hər cür təşviq, yarımadanın su ehtiyatlarının tükənməsi ilə bağlı məlumatlar isə təkzib edilirdi (Rusiya və marionet Krım liderlərinin daima Dnepr suyuna "ehtiyac duymadığına” dair bəyanatlarından fərqli olaraq işğalçılar Xerson bölgəsini ələ keçirdikdən dərhal sonra Şimali Krım kanalını işə saldılar).

Hesab edirəm ki, ən azı Rusiya televiziyasının daimi tamaşaçıları üçün ərazisində mərmilərin partlayacağı Krımı təsəvvür etmək tamamilə mümkün deyildi.
Və bu stabil Krım obrazı hamının gözü qarşısında çökdü. Əgər Saki yaxınlığındakı hərbi aerodromda baş verən partlayışlardan sonra Rusiya rəsmiləri hələ də hərbi təyyarələrin yanında ehtiyatsız "siqaret çəkməkdən” danışa bilirdilərsə, indi təxribatdan danışırlar. Təxribat olan yerdə təxribatçılar da var.

Belə çıxır ki, mütəmadi olaraq kimisə "tutan”, kinorejissorlara və jurnalistlərə "iş tikən”, çiynindəki "ulduz”lar üçün işlər çevirən və təbliğatçılara kömək edən bədnam Rusiya xüsusi xidmət orqanları əsl "zərərvericiləri” zərərsizləşdirə bilməyiblər? Və onlar bir aydır Ukraynanın cənubunu və şərqini dağıtmağa davam edən öz hərbçiləri üçün əlavə çətinliklər yaratdılar, hansılar ki, dağıntılara və qəddarlığa baxmayaraq, hələ də ciddi nəticələr əldə edə bilmirlər.

Cəsarətli rus çekistlərinin "işin öhdəsindən gələ bilmədiklərinə" təəccüblənmək lazım deyil. Çünki biznesi çökdürmək və Oleq Sentsov və ya Vladislav Yesipenkoya qarşı ittihamlar icad etmək heç də Rusiya hərbi obyektlərinin real məhvinin qarşısını almaqla eyni deyil.

Belə görünür ki, bir neçə Krım yay gününün nəticələrinə əsasən, Rusiya FSB-nin Rusiya ordusu ilə "səmərəlilik” və real çağırışlara cavab vermək qabiliyyəti ilə rəqabət apara biləcəyini iddia etmək olar.

Nizami Bağırov