Xəbər lenti

KTMT qoşunları sərhədimizə gələcək? - Ekspert
Siyasət11:40 21.07.2023

KTMT qoşunları sərhədimizə gələcək? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşməsi beynəlxalq münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Ermənistanda KTMT missiyasının yerləşdirilməsi vacibliyilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.
"Bu Rusiyanın Ermənistana yönəlik siyasətində növbəti təzyiqidir. Moskva çalışır ki, Ermənistanı öz orbitindən buraxmasın və bu ölkə əvvəlki tək onun üçün satelit rolunu oynasın. Rusiya regiondan əl çəkmək istəmir və Ermənistanda baş verən prosesləri nəzarətində saxlamaq üçün KTMT kontingentinin sərhədə yerləşdirilməsində maraqlıdır. Çünki KTMT qüvvələrini sərhəddə yerləşdirməklə Rusiyanın əraziyə təzyiq imkanları daha da arta bilər. KTMT-nin Ermənistanda hərbi kontingentinin olması Rusiyanın istəyinə və burada möhkəmlənməsinə müəyyən töhfə verə bilər. Amma KTMT missiyasının Ermənistanın Azərbaycanla sərhədində yerləşməsi beynəlxalq münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər”, deyə Q. Əlibəyli vurğulayıb.
Həmsöhbətimizə görə, Ermənistan KTMT-nin sərhədə gəlməsində maraqlı deyil: 
"İrəvan hələlik Rusiyanın bu istəyinə müqavimət göstərir. Bu ölkə artıq KTMT-dən uzaqlaşmaq  istiqaməti götürüb. Ermənistana Qərbdən də güclü  təzyiqlər var. Bu fonda da onun ən azından indiki  situasiyada Rusiyanın istəyinə uyğun addım atacağı gözlənilən deyil”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının yerləşdirilməsi sərhəddəki vəziyyətin sabitləşməsinə töhfə verə bilər. O, Qarabağın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına daxil olmadığını xatırladıb. "Eyni zamanda, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşməsinə əhəmiyyətli töhfə verərdi. Top Ermənistanın tərəfindədir", - Rusiya XİN sözçüsü vurğulayıb.
Rüfət Sultan