Siyasət 14:48 11.01.2023

Laçın yoluna şiddətli qar yağır, aksiyada isə izdiham yaşanır

"Prezidentin yerli telekanallara verdiyi müsahibəsi Laçın-Xankəndi yolunda keçirilən aksiyada da izlənilib.Prezidentin həmin görüşdə gənclərin aksiyadakı iştirakını qiymətləndirməsi onların məsuliyyətlərini daha da artırıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında İTV-nin Qarabağ bürosunun rəhbəri Şöhrət Eyvazov Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda bir qrup eko fəalın başlatdığı aksiyadan danışarkən deyib. 

Şöhrət Eyvazov hazırda Şuşada şaxtalı hava şəraitinin davam etdiyini bildirib: "Hazırda -11 və -12 dərəcə şaxta var, qar daha da şiddətlənir. Nə qarın yağması, nə də havaların şaxtalı keçməsi aksiyanın keçirilməsinə heç bir çətinlik yarada bilməyib. Laçın-Xankəndi yolunda aksiyada iştirak edənlərin sayı günbəgün artır. Hava şəraiti onların şüarlar səsləndirilməsinə, plakatlar nümayiş etdirmələrinə çətinlik yaratmır”. 

Şöhrət Eyvazov əlavə edib ki, bu gün səhər saatlarından Xankəndinə, yaxud da əksinə humanitar yüklərin keçirilməsində heç bir problem olmayıb:"Rusiya sülhməramlılarının müşaiyəti ilə 30-dan çox hərbi yük avtomobillərinin Xankəndi istiqamətinə keçib. 30 ildən çoxdur ki, ilk dəfədir ki, Laçın-Xankəndi yolunda Dövlət Yol Polisi də bu yüklərin keçirilməsinə nəzarət edir. İki gündür ki, biz artıq bunu müşahidə edirik”. 

Qeyd edək ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində etiraz aksiyası barədə fikirlərini bölüşüb. Prezident "Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar”-deyə bildirib. 

Bahar Rüstəmli