"Düşünürəm ki, Lavrov bölgəyə yeni təkliflərlə gəlir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya başlayan səfərini şərh edərkən deyib. Partiya sədri bildirib ki, Lavrovun təklifləri Rusiyanın marağına cavab verən hansısa bir mövqe olacaq:
"Lavrovun Bakıya səfərinin məqsədini təxmin etmək olar. Bundan bir qədər əvvəl Münhen Təhlükəsizlik Konfransında müəyyən görüşlər keçirildi. Azərbaycan yenidən Avropa İttifaqının vasitəçiliyilə danışıqların aparılmasına tərəfdar olduğunu bildirdi. Bu mənada hesab edirəm ki, Lavrovun ölkəmizə səfəri də daha çox həmin bəyanatla bağlıdır.
Rusiya Qafqazda vasitəçilik missiyasını başqaları ilə bölüşmək istəmir. Regionda daimi sülhün olması da Moskvaya sərf etmir. Çünki regionda sülhün olması fonunda Rusiyanın iştirakına o qədər də zərurət qalmayacaq. Görünür, Lavrov sülh sazişinin imzalanması ilə bağlı yeni təşəbbüslə çıxış edəcək. Yəqin ki, bu təkliflərdə Bakını təmin etməyən, amma Rusiyanın marağına cavab verən hansısa bir mövqe olacaq”.
Həmsöhbətimiz hesab edir ki, Lavrovun səfəri danışıqların daha da uzadılmasına xidmət edəcək bir səfər olacaq:
"Rusiyanın "Vardanyan variantı” sıradan çıxandan sonra başqa bir plana əl atmaq istəyir. Rusiya Lavrovun səfəri fonunda buradakı rus qoşunlarına ya beynəlxalq statusun verilməsi, ya da onların ərazidə qalması ilə bağlı hansısa digər bir məsələni gündəmə gətirə bilər”.
Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasına görə, bu ölkənin xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək. Bildirilir ki, Lavrov Azərbaycana səfərinin ikinci günündə Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında iştirak edəcək.
Rüfət Sultan