Xəbər lenti

Lənkəranda 119 minlik tender: Həm elektrik malları satır, həm də hazır yemək
Ekonomiks 14:52 18.07.2026

Lənkəranda 119 minlik tender: Həm elektrik malları satır, həm də hazır yemək

Lənkəran Şəhər İşıqlandırma Müəssisəsinin elektrik mal-materiallarının satın alınması ilə bağlı keçirdiyi satınalma proseduru başa çatıb. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Smart Techno Services" MMC seçilib. Şirkətin qiymət təklifi 119 421,90 manat təşkil edib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarına əsasən, "Smart Techno Services" MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı Abşeron rayonu, Məmmədli kəndi, ev 33, mənzil 44-də yerləşir. Qanuni təmsilçisi isə Ramazanov Əli Adil oğludur.

Açıq mənbələrdə şirkətin fəaliyyəti, həyata keçirdiyi layihələr və ya ictimai fəaliyyəti barədə demək olar ki, hər hansı məlumat mövcud deyil. Eyni zamanda, qanuni təmsilçi Əli Ramazanov haqqında da açıq informasiya əldə etmək mümkün olmayıb.

Araşdırmalar göstərir ki, "Smart Techno Services" MMC fəaliyyətini təkcə elektrik və inşaat təyinatlı malların satışı ilə məhdudlaşdırmır. Şirkət müxtəlif dövlət qurumlarına inşaat materialları təqdim etməklə yanaşı, keytrinq və tədbirlərin təşkili sahələrində də dövlət sifarişləri icra edib. Belə ki, bir neçə il əvvəl Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat" MMC ilə şirkət arasında hazır yeməklərin satın alınmasına dair 126 496 manat dəyərində müqavilə bağlanıb.

Bundan başqa, ötən il Xaçmaz Rayon İcra Hakimiyyəti ilə bağlanan müqavilə çərçivəsində rayon ərazisində anım və hüzn günləri, eləcə də dövlət və peşə bayramları münasibətilə keçirilən tədbirlərin təşkili "Smart Techno Services" MMC-yə həvalə olunub. Tərəflər arasında analoji məzmunlu müqavilə 2024-cü ildə də imzalanmışdı.

Beləliklə, şirkətin müxtəlif sahələri əhatə edən – elektrik və inşaat materiallarının təchizatından tutmuş hazır yemək xidmətlərinə və rəsmi tədbirlərin təşkilinədək – çoxşaxəli dövlət sifarişləri alması diqqət çəkir. Bununla yanaşı, açıq mənbələrdə şirkətin fəaliyyəti barədə geniş məlumatın, rəsmi internet səhifəsinin və ya ictimaiyyət üçün əlçatan əlaqə vasitələrinin olmaması bu satınalmalarla bağlı müəyyən suallar doğurur.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->