Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlarla aparılacaq intensiv diplomatik fəaliyyətin üç əsas prioritetini açıqlayıb və bildirib ki, bu addımlar yaxın vaxtlarda həyata keçiriləcək.
Qaynarinfo-nun məlumatına görə, "Telegram" kanalında yayımlanan məlumatda dövlət başçısı qeyd edib ki, bu gün sülhə doğru real irəliləyiş və Ukraynanın müstəqilliyinin istənilən şəraitdə təmin olunması üçün bir sıra mühüm danışıqlar və təmaslar nəzərdə tutulur. Zelenskinin Almaniya kansleri Fridrix Merz ilə danışığı da günün gündəliyində yer alıb.
"Fransa və İtaliya rəsmiləri ilə də əlaqə saxlanılacaq. Eyni zamanda, milli təhlükəsizlik üzrə müşavirlər səviyyəsində xüsusi formatda görüşün keçirilməsi barədə tapşırıq verdim", deyə Zelenski bildirib.
Prezident əlavə edib ki, dünən ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə keçirilmiş ümumi müzakirədən sonra o, ayrıca NATO baş katibi Mark Rütte və Finlandiya prezidenti Aleksandr Stubb ilə də danışıb.
Zelenski vurğulayıb ki, bütün tərəfdaşlarla aparılan bu intensiv işin məqsədi əsas detalların aydınlaşdırılması və konkret qərarların hazırlanmasıdır. Onun sözlərinə görə, prioritetlər tam şəkildə müəyyən edilib:
1. Qətllərin dayandırılması - Zelenski bildirib ki, atəşkəsə ilk olaraq Rusiya getməlidir və müharibəni dayandırmaq üçün konkret addımlar atmalıdır.
2. Liderlər formatında görüş - Ukrayna tərəfi dəfələrlə bildirib ki, real həll yolları məhz liderlər səviyyəsində aparılacaq birbaşa danışıqlar çərçivəsində tapıla bilər. Bu səbəbdən belə bir görüşün vaxtı və müzakirə ediləcək mövzular dəqiqləşdirilməlidir.
3. Təhlükəsizliyin uzunmüddətli təminatı - Prezident bu istiqamətdə ABŞ və Avropa ölkələri ilə birgə fəaliyyətin əsas olduğunu bildirib.
Zelenski bir daha qeyd edib ki, Ukrayna heç vaxt müharibə istəməyib və sülh naminə maksimum səmərəli işləməyə hazırdır:
"Əsas məsələ odur ki, bu müharibəyə başlayan Rusiya həqiqətən də təcavüzü dayandırmaq üçün addımlar atsın. Dünya təcavüzkara təzyiq göstərmək və vədlərin yerinə yetirilməsini izləmək üçün bütün imkanlara malikdir. Müharibənin ləyaqətli sonu üçün səylərini əsirgəməyən hər kəsə minnətdaram".
Aydın
Şərhlər