Bu gün, aprelin 6-da Azərbaycan Pezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə növbəti dəfə görüşürlər. Son dövrlərdə Qarabağda baş verən gərginlik fonunda bu görüşün təşkili ehtiyacdan irəli gəlirdi. Görüş ərəfəsində Ermənistan və Azərbaycanın qarşılıqlı gündəmində duran əsas məsələ isə Qarabağdakı silahlı birləşmələrin bölgədən çıxarılmasıdır.
Tərəflər bu məsələni 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 4-cü maddəsinə əsasən mübahisələndirirlər. Azərbaycan tərəfi 4-cü bəndə əsasən, erməni silahlı birləşmələrinin ərazidən çıxarılmalı olduğunu bəyan edir. Ermənistan tərəfi isə bəndə əsasən, sülhməramlıların yerləşməsi ilə paralel şəkildə çıxarılmalı olan hərbi birləşmələrin keçmiş Dağlıq Qarabağdakı silahlılara yox, ətraf ərazilərdə - yəni müqavilənin imzalandığı ana kimi işğaldan azad edilməmiş ərazilərdəki (Ağdam, Kəlbəcər, Laçın) erməni hərbi birləşmələrinə aid edildiyini irəli sürür və hazırda bölgədə olan hərbi birləşmələrin oradan çıxarılmasına etiraz edir.
Hazırda 10 noyabr Bəyanatının 4-cü bəndi həm mövzu ilə bağlı yazan ekspertlərin, həm də hər iki tərəfdən müzakirəyə qoşulan vətəndaş cəmiyyəti üzvlərinin əsas müzakirə mövzusuna çevrilib. Ancaq iki ciddi səbəb Azərbaycan tərəfinin erməni hərbi birləşmələrinin öz ərazisindən çıxarılması üçün 10 noyabr Bəyanatına istinad etməsini səmərəsiz edir. Birincisi ona görə ki, erməni tərəfi bəyanatın 4-cü bəndini başqa cür şərh edir və beləcə mövzu yenidən uzanır. İkincisi isə məlum bəndin müzakirəsi hərbi birləşmələrin ərazidən çıxarılması üçün əsas olsa da, mövzunu vacib məqamdan - bu birləşmələrinin Azərbaycan ərazilərindən niyə çıxarılmalı olması məsələsini axra plana keçirir.
Erməni hərbi birləşmələri Qarabağdan niyə çıxarılmalıdır?
Əvvəlcə onu qeyd eləmək lazımdır ki, Ermənistan tərəfinin 10 noyabr Bəyanatının 4-cü bəndini başqa cür şərh etməsi konfliktin, daha dəqiq desək, işğalın mahiyyətini təhrif etməyə hesablanıb.
Sonradan Beynəlxalq hüququn əsas bazasına çevrilmiş 1907-ci il Haaqa Sülh konfransının qəbul etdiyi qaydalara əsasən "işğal bir ölkənin ərazisinin düşmən ordunun nəzarəti altına keçməsidir”.
Ərazinin düşmən ordunun nəzarətində olması, yəni işğalın mövcud olmasını isə 3 element təsdiqləyir
1. Yerli hökumətin razılığı olmadan kənar ölkənin hərbi birləşmələrinin ərazidə mövcudluğu
2. Kənar hərbi qüvvələrin mövcudluğunun yerli hökumətin idarə etməsinə imkan verməməsi
3. Xarici qüvvələrin öz hakimiyyətini tətbiq etməsi və ya bunu etməyə gücünün olması
Qarabağda mövcud olan hərbi birləşmələrin Ermənistandan maliyyələşdiyi, hərbi və insan resursu baxımından Ermənistan vasitəsilə təchiz olunduğu və ordakı hərbi birləşmələrin Ermənistan Müdafiə Nazirliyinə nəzarətində olması faktı isə Qarabağdakı işğalın Ermənistan tərəfindən həyata keçirilən işğal olduğunu sübut edir.
Nəticə olaraq, beynəlxalq hüquq və sadə faktlar bizə onu deyir ki, Qarabağda erməni hərbi birləşmələrinin mövcudluğu və Azərbaycanın o ərazidə hakimiyyətini bərpa edə bilməməsi bu ərazinin hələ də Ermənistan işğalında olduğunu göstərir.
Deməli, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük müharibədə məğlubiyyətə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazisində silahlı qruplaşmalar saxlayır və müxtəlif bəhanələrlə 10 noyabr bəyannaməsinin şərtlərini yerimə yetirməkdən yayınır. Bu isə öz növbəsində Azərbaycana növbəti dəfə ərazisində antiterror əməliyyatına başlamağa tam hüquqi əsas verir.
Vətən müharibəsinin Azərbaycan ordusunun Xankəndinin yaxınlığındaykən sonlandırılması Azərbaycanın o ərazilərin nəzarətsiz qalması ilə barışması anlamına gəlmirdi. Əksinə, bu qərarı Azərbaycan etnik təmizləmədə təqsirləndirilməkdən çəkinmək, həmçinin münaqişənin qalan hissəsini danışıqlar yolu ilə həll etmək fürsəti və yer qalması üçün verib. Ancaq hazırda Ermənistan hərbi birləşmələrini ərazidən danışıqlar yolu ilə çıxarmaqdan imtina etməklə, faktiki olaraq işğal faktını davam etdirir və beləliklə də həm Azərbaycana bu işğalı aradan qaldırmaq üçün hərbi əməliyyata başlamaq üçün əsas verir, həm də ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşamaq ehtimalını kiçildir. Bu mənada Azərbaycan ərazilərini işğalda saxlamaq siyasətinə alət etdiyi Qarabağ əhalisinin təhlükəsizliyi üçün də məsuliyyət daşıyır.
Beləliklə, erməni hərbi birləşmələri Qarabağdan çıxarılmalıdır. Birmənalı. Ancaq təkcə 10 noyabr Bəyanatında bu barədə razılaşmaya əsasən yox, ən əsası ona görə olmalıdır ki, bu fakt - yəni hərbi birləşmələrin Qarabağda mövcudluğu Ermənistanın Azərbaycan ərazilərini işğalı davam etdirmək anlamına gəlir. Bunun isə o işğalı saxlamaq gücündə olmayan Ermənistan üçün hansı nəticələr doğuracağını ermənilər hamıdan yaxşı bilirlər.
Nurlan Hüseynov