Böyük Britaniyanın paytaxtı Londonun küçələri və möhtəşəm binalarının altında, müasir metro xətlərindən də dərində gizli bir dünya uzanır. Şəhərin daş döşənmiş yollarının və hər gün minlərlə insanın keçdiyi səkilərin altında qədim çay sistemləri səssizcə axmağa davam edir. Viktoriya dövrünün mühəndisləri və şəhər planlaşdırıcıları onları yerin altına yönəltsə də, təbiət bu yeraltı dəhlizlərdə öz yolunu tapmağı bacarıb.
Qaynarinfo xəbər verir ki, Londonun XVIII və XIX əsrlərdə sürətlə böyüdüyü dövrdə təxminən 21 çay və axar yerin altına salınaraq demək olar ki, unudulub. Bu gün həmin suların çoxu Temza çayına və ya şəhərin şərqində yerləşən Li çayına tökülür. Onların bəziləri nəhəng kanalizasiya sisteminin bir hissəsinə çevrilib, digərləri isə hələ də parkların sakit guşələrində və arxa küçələrdə öz mövcudluğunu hiss etdirir.
Şəhərin yaddaşından silinən nəhəng – Fleet çayı
Bu yeraltı şəbəkənin ən böyük və ən məşhur hissəsi Fleet çayıdır. Şimaldakı təpələrdən başlayaraq Blackfriars körpüsü yaxınlığında Temza çayına qovuşan bu su yolu bir vaxtlar Londonun əsas damarlarından biri sayılırdı. Roma dövründə çay kiçik gəmilərin yük daşıya biləcəyi qədər geniş və dərin idi və sahilində qurulan körpülər şəhərin inkişafına böyük töhfə verirdi.
Lakin Orta əsrlərdə Fleet çayının taleyi dəyişdi. Sənaye tullantıları və şəhər zibilləri ilə çirklənən çay tədricən açıq kanalizasiyaya çevrildi. 1666-cı ildə baş verən Böyük London yanğınından sonra şəhərin yenidən planlaşdırılması zamanı çayın Venesiya tipli kanallara çevrilməsi ideyası irəli sürülsə də, çirklənmə və kəskin qoxu buna imkan vermədi. Nəticədə 1733-cü ildə çayın tamamilə kərpic tağların altına salınmasına qərar verildi.
Bu gün də Londonun sakit anlarında Camden bölgəsində yerləşən "Prince Albert" adlı məkanın qarşısındakı kanalizasiya qapağından Fleet çayının axın səsini eşitmək mümkündür.
Sarayların altından axan çay
Şəhərin altında yalnız Fleet deyil, daha təmiz keçmişə malik Tyburn çayı da axır. Bu çay Bukingem sarayı və Westminster bölgəsinin altından keçir və bir vaxtlar içməli su mənbəyi kimi istifadə olunacaq qədər təmiz idi.
Metro stansiyasında görünən çay
Londonun yeraltı çayları ilə bağlı ən maraqlı mənzərələrdən biri Sloane Square metro stansiyasında görünür. Platformada dayanarkən başınızı yuxarı qaldırsanız, tavandan keçən nəhəng yaşıl boru diqqətinizi çəkəcək. Bu borunun içindən Westbourne çayı axır.
1860-cı illərdə stansiya tikilərkən çayın axınını dayandırmamaq üçün belə bir konstruksiya hazırlanıb. Bu boru İkinci Dünya müharibəsi zamanı hava hücumları nəticəsində zədələnsə də, bu günə qədər öz yerində qalır.
Çayları yenidən üzə çıxarmaq ideyası
Vaxtaşırı bu yeraltı çayların yenidən üzə çıxarılması və ya onların binalar üçün istilik mənbəyi kimi istifadə olunması ideyaları irəli sürülür. Lakin bu layihələr hələlik reallaşmayıb və plan mərhələsində qalır.
Aydın
Şərhlər