"Lukaşenkonun bu açıqlamasının iki əsas hədəfi ola bilər. Ya o, Putinin göstərişilə ABŞ-la Avropa arasında etimadsızlıq toxumu səpmək istəyir, ya da həmin mesajda müharibəni davam etdirərsə, Rusiyanı gözləyəcək aqibət öz əksini tapıb".
Bunu Qaynarinfo-ya politoloq Natiq Miri Belarus prezidenti Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinlə görüşdə ona amerikalıların müəyyən mesajlarını çatdıracağı barədə bəyanatını şərh edərkən deyib.
"Bu açıqlama ilə o, ilk növbədə ABŞ-la onun NATO üzrə müttəfiqləri arasında fikir ayrılığı, şübhə toxumu səpməklə parçalanma yaratmağı düşünür. Çünki belə bir açıqlama dərhal qarşı tərəfdə müəyyən narahatlıqlar yaradacaq ki, bu da kuluarlarda müəyyən müzakirələrə yol açacaq", deyə ekspert bildirib.
Politoloq qeyd edib ki, bu mesaj Lukaşenkonun məxfi olaraq ona bildirilibsə, o da onu məxfi şəkildə Putinə çatdırmalı idi:
"Ancaq mesajın ictimailləşdirilməsinə ehtiyac duyursa, deməli arxasında konkret məqsədlər dayanır. Lukaşenko ABŞ-la yaxınlaşma görüntüsünü yaratmaqla, Avropaya gözdağı verir".
Bu mesajda digər əsas istiqamət isə həmsöhbətimizin fikrincə, Rusiyanı gözləyəcək aqibətlə bağlı ola bilər:
"Burada Ukrayna-Rusiya müharibəsinin tezliklə bitirilməsi fonunda Vaşinqton Moskva ilə münasibətlərin yenidən inkişaf edə biləcəyi və Rusiyanın qlobal güc olaraq öz gücünü bərpa etməyə şərait yaradılacağı mesajı verilir. Bunun əksi olduğu təqdirdə Rusiyanı gözləyəcək aqibət də xatırladılır. Görünür Rusiyaya qarşı hansısa hazırlıqlar görülür və Lukaşenko vasitəsilə bununla bağlı Kremlə nəticə çıxarması üçün müəyyən xəbərdarlıqlar edilir. Krıma edilən hücum və burada rusların verdiyi itkilər də bilavasitə Rusiyaya verilən ciddi mesaj idi. ABŞ hesab edir ki, bəlkə Lukaşenko Putinin fikirlərinə təsir edə bilsin. Ancaq bunlar əbəs cəhdlərdir".
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko jurnalistlərə cümə günü, yəni sentyabrın 26-da, Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı amerikalılardan müəyyən mesajlar çatdıracağını bəyan edib. Ancaq o bu mesajın nədən ibarət olduğunu açıqlamayıb.
Rüfət Sultan
Şərhlər