Xəbər lenti

Lüksun paytaxtı çətin durumda: Turist gətirənlərə 800 dollar mükafat veriləcək (FOTO)
Dünya 14:10 22.07.2026

Lüksun paytaxtı çətin durumda: Turist gətirənlərə 800 dollar mükafat veriləcək (FOTO)

ABŞ-İran müharibəsinin turizm sektoruna vurduğu zərbədən sonra Dubay turist axınını bərpa etmək üçün yeni təşviq kampaniyasına başlayıb. 

Qaynarinfo xəbər verir ki, şəhərə dostlarını və ya ailə üzvlərini dəvət edən sakinlərə otel, restoran və turistik məkanlarda istifadə oluna biləcək 800 ABŞ dollarından artıq dəyərdə endirim və üstünlüklər təqdim ediləcək.



"Dubai Media Office" "X" platformasında yaydığı açıqlamada bildirib ki, Dubay İqtisadiyyat və Turizm Departamenti şəhər sakinlərini yaxınlarını Dubayda qonaq etməyə və şəhərin səfirlərinə çevrilməyə təşviq edən "A Dubai Invite" ("Dubaya dəvət") proqramına start verir. Bildirilib ki, kampaniya oktyabr ayının sonunadək davam edəcək.

Dubay hökumətinin rəsmi internet saytında yer alan məlumata görə, 20 iyul–31 oktyabr tarixləri arasında dostlarını və ailə üzvlərini Dubaya dəvət edən şəhər sakinləri otellərdə yerləşmə, restoranlar, turistik məkanlara giriş biletləri və digər xidmətlər üzrə 3 min BƏƏ dirhəmindən (AED) çox dəyərdə üstünlüklər əldə edəcəklər.



3 min BƏƏ dirhəmi təxminən 816 ABŞ dollarına bərabərdir. Proqramdan yararlanmaq istəyən şəxslər dəvət edəcəkləri qonaqları xüsusi internet platforması vasitəsilə qeydiyyatdan keçirə biləcəklər.

İllik 19,5 milyon turist qəbul edən və regionun ən populyar turizm istiqamətlərindən biri hesab olunan Dubay ABŞ-İran müharibəsindən təsirlənən bölgələr sırasında yer alır. Məlumata görə, Tehran ABŞ-nin hücumlarına cavab tədbirlərini neftlə zəngin Körfəz ölkələrinə yönəldib.



İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlardan ən çox zərər görən ölkələrdən biri olan BƏƏ-də "Palm" bölgəsində yerləşən otellər və simvolik "Burj Al Arab" kompleksi də hədəfə alınıb. Bunun nəticəsində qış turizm mövsümündə çoxlu sayda turist ölkəni tərk edib.

Aprelin 8-də qüvvəyə minən kövrək atəşkəsdən sonra turist sayında məhdud bərpa müşahidə olunsa da, sektor nümayəndələri otellərin əsasən yerli müştərilərə güvəndiyini bildirirlər.



Dubay hökuməti may ayında biznes subyektlərini dəstəkləmək məqsədilə 400 milyon ABŞ dollarından çox dəyərində iqtisadi yardım paketi elan etmişdi.

Paket çərçivəsində otel və restoranlar üçün bələdiyyə rüsumlarından azadolma, gömrük pozuntularına görə tətbiq edilən cərimələrdə endirim və mülki aviasiya icazələri üzrə rüsumların azaldılması nəzərdə tutulur.

Aydın
 




Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->