Macarıstanda Prezident Tamaş Şulyokun vəzifədən ayrılmasından sonra yeni dövlət başçısının kim olacağı ilə bağlı müzakirələr sürətlənib. Rəsmi namizədlik prosesi hələ başlamasa da, sosial şəbəkələrdə keçirilən qeyri-rəsmi sorğular gündəmin əsas mövzularından birinə çevrilib.
Qaynarinfo xəbər verir ki, ictimaiyyət tərəfindən irəli sürülən namizədlər arasında dünyaca məşhur macar model Barbara Palvin də yer alıb. O, Nobel mükafatlı alimlər və ölkənin tanınmış simaları ilə birlikdə prezident postuna namizəd kimi təklif olunan şəxslər sırasındadır.
Sosial media sorğularında yalnız siyasətçilər deyil, elm, incəsənət və idman sahəsinin tanınmış nümayəndələri də ön plana çıxıb.
Barbara Palvinlə yanaşı, Nobel mükafatı laureatı, biokimyaçı Katalin Kariko, "Rubik" kubunun müəllifi Erno Rubik, şahmat üzrə qrossmeyster Judit Polqar və internetdə "Hide the Pain Harold" meminin siması kimi tanınan Andraş Arato da istifadəçilərin irəli sürdüyü namizədlər arasında yer alıb.
Qeyri-rəsmi sorğuların nəticələrinə görə, ən çox dəstəyi Andraş Arato qazanıb. Bununla belə, bu sorğuların hüquqi qüvvəsi yoxdur və rəsmi seçki prosesinə təsir göstərmir.
Tisa Partiyasının lideri və baş nazir Peter Macar Judit Polqarın prezidentliyə namizəd olmasını istədiyini açıqlasa da, məşhur şahmatçı bu təklifi qəbul etməyib.
Polqar ölkəni birləşdirəcək belə mühüm vəzifəyə hazır olmadığını bildirərək namizəd olmayacağını bəyan edib. Daha sonra Peter Macar bu prosesdə kommunikasiya səhvinə yol verdiyini etiraf edib.
Macarıstanda prezident ümumxalq səsverməsi ilə deyil, 199 yerlik parlament tərəfindən seçilir. Parlamentdə çoxluğa malik olan "Tisza" Partiyasının irəli sürəcəyi namizədin seçilmə ehtimalı yüksək qiymətləndirilir.
Bu səbəbdən sosial şəbəkələrdə adı hallanan şəxslərin prezidentliyə namizəd ola bilməsi üçün əvvəlcə rəsmi namizədlik prosesinə daxil edilmələri tələb olunur.
Baş nazir Peter Macar vətəndaşlardan namizəd təklifləri istəsə də, bunun üçün rəsmi müraciət sistemi yaradılmayıb. Hazırda proses əsasən sosial şəbəkələrdəki paylaşımlar və onlayn sorğular vasitəsilə davam edir.
Tisa Partiyasının prezidentliyə namizədini avqustun 19-dan əvvəl parlamentə təqdim edəcəyi gözlənilir. Barbara Palvindən Andraş Aratoya qədər müxtəlif tanınmış şəxslərin adları isə hələlik Macarıstanın siyasi gündəmini zəbt edən əsas mövzulardan biri olaraq qalır.
Aydın
Şərhlər