Dünya 11:25 14.07.2022

Macarıstanda yanacaq qıtlığı "fövqəladə vəziyyət"ə səbəb oldu

Macarıstan hökuməti Avropada tədarükün kəsilməsinə və enerji qiymətlərinin sürətlə artmasına cavab olaraq "enerji fövqəladə vəziyyəti” elan edib.
 
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Macarıstan rəsmi dairələri məlumat yayıb.
 
Baş nazir Viktor Orbanın aparat rəhbəri Gergely Qulyas Rusiyanın Ukraynadakı müharibəsi və bunun nəticəsində Avropa İttifaqının Rusiyaya qoyduğu sanksiyalarının qitədə "enerji böhranına" səbəb olduğunu deyib.

Qulyaş mətbuat konfransında bildirib ki, "payız və qış mövsümünə Avropada isitmə üçün kifayət qədər qazın olması ehtimalı azdır” və Macarıstan adekvat təchizatı təmin etmək üçün daxili enerji istehsal imkanlarını artıracaq.

"Uzun sürən müharibə və Brüsseldən gələn sanksiyalar bütün Avropada enerji qiymətlərinin kəskin artmasına səbəb olub və faktiki olaraq, Avropanın böyük bir hissəsi artıq enerji böhranı içindədir”, - Qulyas deyib.

Macarıstan illik təbii qaz hasilatını 1,5 milyard kubmetrdən iki milyard kubmetrə yüksəldəcək, linyit (qəhvəyi kömür) hasilatını artıracaq və hazırda işlək olmayan linyit elektrik stansiyasını yenidən onlayn rejimdə işə salacaq. 

Macarıstan Rusiyadan hasil olunan yanacaqlardan asılıdır və keçən il təbii qazın alınması üçün Rusiyanın enerji şirkəti Qazprom ilə 15 illik müqavilə imzalayıb.
Ölkə neftinin təqribən 65 faizini, qazın isə 85 faizini Rusiyadan alır.

Wood & Company iqtisadçıları Macarıstanın potensial olaraq enerji çatışmazlığına ən çox məruz qalma ehtimalı olan mərkəzi Avropa ölkəsi olduğunu bidirir.

Nurlan Hüseynov