Xəbər lenti

Makron: ABŞ, Çin və Rusiya tamamilə Avropaya qarşıdır
Dünya 13:55 25.04.2026

Makron: ABŞ, Çin və Rusiya tamamilə Avropaya qarşıdır

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa ölkələri ABŞ, Çin və Rusiyanın hazırkı beynəlxalq siyasətdə tamamilə avropalılara qarşı yönəldiyini qəbul etməlidir.

Qaynarinfo xəbər verir ki, Makron bu fikri Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə keçirilən müzakirə zamanı səsləndirib. Onun sözlərinə görə, Avropa artıq daha aktiv mövqe tutmalı və öz maraqlarını daha qətiyyətlə müdafiə etməlidir.

"ABŞ prezidenti, Rusiya prezidenti və Çin lideri hazırda tamamilə avropalılara qarşı yönəlmiş mövqe sərgiləyirlər. Bu, sadəcə nəzərə alınmalı deyil, bu vəziyyət bizi oyanmağa məcbur etməlidir. Biz özümüzə daha çox güvənməli və öz gündəliyimizi irəli aparmalıyıq", deyə Makron bildirib.

O əlavə edib ki, ABŞ ilə münasibətlərdə gərginlik Donald Trampın vəzifədən getməsindən sonra da davam edə bilər. Makronun fikrincə, bu, təsadüfi deyil, daha geniş tarixi tendensiyanın tərkib hissəsidir.

Fransa lideri vurğulayıb ki, ABŞ ilə bəzi sahələrdə əməkdaşlıq hələ də vacibdir, lakin Avropa artıq öz strateji kursunu daha müstəqil şəkildə formalaşdırmalıdır.

"Bir çox ölkələr artıq anlayır ki, illərlə gözləmə mövqeyi tutmaq kifayət deyil. Avropa olaraq daha birləşmiş olmalı, öz maraqlarımızı qorumağı öyrənməliyik. Bu, düzgün istiqamətdir", deyə o qeyd edib.

ABŞ-ın müdafiə naziri Pit Heqset isə bundan əvvəl Avropa və Asiya ölkələrini ABŞ-dan təhlükəsizlik sahəsində həddindən artıq asılı olmaqda tənqid etmişdi. Onun sözlərinə görə, müttəfiqlər daha "qabiliyyətli və etibarlı” olmalıdır.

Aydın

--> -->