Xəbər lenti

Makron Fransanın müstəmləkəçiliyinə görə Əlcəzairdən üzr istəyəcəkmi?
Dünya10:46 12.01.2023

Makron Fransanın müstəmləkəçiliyinə görə Əlcəzairdən üzr istəyəcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa prezidenti Emmanuel Makron hesab edir ki, 132 illik müstəmləkəçilik dövrü üçün Əlcəzairdən üzr istəməməlidir. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Le Point” nəşrinə müsahibəsində bildirib. 
Bununla belə, Makron əlcəzairli həmkarı Abdelmajid Tebbun ilə Parisdə iki ölkəni barışdırmaq məqsədilə birgə səyləri müzakirə etmək üçün görüşə ümid etdiyini bildirib.
"Mən üzr istəməyə ehtiyac görmürəm, məsələ bu deyil, çünki bu jest bütün əlaqələri qıra bilər. Ən pisi, üzr istəməyimiz və sonra da hər birimizin öz yolumuzla gedəcəyimiz olardı", - Fransa rəhbəri bildirib.  
2021-ci il yanvarın sonunda fransız tarixçisi Benjamin Stor "Əlcəzairdəki müstəmləkəçilik və müharibə haqqında" hesabat dərc edib. Sənəd 2020-ci ilin iyulunda Makronun verdiyi tapşırıq əsasında hazırlanıb. 150 səhifəlik hesabatda tarixçi tövbə və üzr istəməyi istisna etməklə, Fransa və Əlcəzairin barışması istiqamətində atılan addımları təqdim edib. "Müharibə olub. Üzr istəsən də, üzr istəməsən də, heç nəyi düzəldə bilməyəcəksən. Biz tarixə qayıtmalı və ona düzgün qiymət verməliyik”, - deyə o vurğulayıb.
Bundan əlavə, Emmanuel Makron Əlcəzair rəhbərinə edilən dəvəti xatırladıb. "Ümid edirəm ki, prezident Tebbun 2023-cü ildə Fransaya gələ biləcək", - Makron deyib. Dövlət başçısı hesab edir ki, belə bir səfər Fransa və Əlcəzairə Makronun 2022-ci ilin avqustunda Əlcəzairə səfəri zamanı başlayan "dostluğun möhkəmləndirilməsi işini davam etdirməyə” imkan verəcək. Həmçinin, Makron "milyonlarla həmvətənlərinin iki ölkə arasındakı münasibətlərin tarixi ilə bağlı olduğuna” diqqət çəkib.
Əlcəzair parlamentariləri 15 ildən artıqdır ki, Əlcəzairdə soyqırımla eyniləşdirilən siyasətinə görə Parisdən üzr istəməsini tələb edən qanun qəbul etməyə çalışırlar. 2022-ci ilin oktyabrında Şimali Afrika ölkəsinin aparıcı siyasi qüvvəsi olan Əlcəzair Milli Azadlıq Cəbhəsi Fransadan 1961-ci ildə Parisdə dinc əlcəzairli nümayişçilərin fransız polisi tərəfindən öldürülməsinə görə üzr istəməsini tələb edib.
2022-ci ilin avqustunda Emmanuel Makron beş ildə ilk dəfə Əlcəzairə səfər edib. Görüş 2021-ci ilin sonunda Əlcəzairin Parisdən səfirini geri çağırması ilə ölkələr arasında münasibətlərin soyuqlaşması fonunda baş tutub. Ziddiyyətlər əsasən keçmişin təfsiri ilə bağlıdır. Makronun "əlcəzairlilər öz tarixlərini elə yenidən yazıblar ki, o, indi həqiqətə deyil, Fransaya nifrətə əsaslanmasına” dair iddiaları Əlcəzair hakimiyyətinin xoşuna gəlməyib.
Şimali Afrika ölkəsi 1962-ci ilin martında Evian sazişinin imzalanması ilə başa çatan səkkiz illik müharibədən sonra Fransadan müstəqillik qazanıb.
Nizami Bağırov