Dünya 13:47 27.03.2024

Makronun açıqlaması Vaşinqtonu qəzəbləndirib - "Bloomberg"

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya mümkün qoşun yeridilməsi ilə bağlı açıqlaması ABŞ rəsmilərini qəzəbləndirib.

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Mənbələr anonimlik şərti ilə belə bir addımın hətta Moskva ilə toqquşma təhlükəsi yarada biləcəyini deyirlər. Agentlik qeyd edir ki, Britaniya artıq Avropa İttifaqında olmadığından və Almaniya hökuməti faktiki parçalandığından Makron de-fakto qitənin xarici siyasətdə rəhbərinə çevrilib. Lakin bütün müttəfiqlər Makronun onların maraqlarının ən yaxşı müdafiəçisi olduğuna əmin deyillər. Xüsusilə, Makronun bəyanatı Almaniya kansleri Olaf Şolts tərəfindən dərhal və ictimai qınağa səbəb olub.

Anonim bir ABŞ rəsmisi bildirib ki, Berlini açıq şəkildə qoşun göndərməkdən imtina etməyə məcbur etməklə, Makron müttəfiqlərin qırmızı xətləri ilə bağlı qeyri-müəyyənliyi aradan qaldıra bilib.

Digər anonim məmurlar hesab edirlər ki, Makronun bəyanatı əməliyyat təhlükəsizliyi baxımından o qədər də məntiqli deyildi. Xüsusən də nəzərə alsaq ki, Ukraynada artıq bir neçə ölkədən hərbi personal var.

Avropanın hərbi birliyi məsələsi indi Putinin Krımın ilhaqının ildönümündə təşkil etdiyi seçkilərdə qələbə ilə sevindiyi bir vaxtda daha da aktuallaşır, Ukraynaya silah tədarükü ilə bağlı aylarla davam edən şübhələr hələ də aradan qalxmayıb.

"Bloomberg" qeyd edir ki, Fransanın öz daxili siyasəti də var. Makron Ukraynanı iyunda keçiriləcək Avropa Parlamentinə seçki kampaniyasında ön sıraya qoyur, ifrat sağçı rəqibi Marin Le Peni Putinin müttəfiqi kimi göstərir.

"Rusiyanın bizim üçün təhlükə yaratdığı getdikcə aydınlaşır. Biz Rusiyanın qələbəsini arzulaya bilmərik", deyə Fransanın müdafiə naziri Sebastian Lekornü deyib. 

Brüsseldə son görüşdə müzakirələrdən xəbərdar olan rəsminin sözlərinə görə, şübhə yoxdur ki, bəzi Aİ rəhbərləri Makronun liderliyinə güvənirlər və bir çoxları onun Rusiyaya qarşı sərt mövqeyini alqışlayırlar, Eyni zamanda, Fransa Aİ-də Ukrayna taxılına qadağa qoyulması tələbində Polşanı dəstəkləyib. 

Lakin Avropanın Ukraynanın silah çatışmazlığını həll etmək planlarından biri Makronun bəzi müttəfiqlərini niyə qıcıqlandırdığının simvoludur. Fransa prezidentini tənqid edənlər deyirlər ki, o, iş görməkdən daha çox danışır.

Aİ-dən kənar mənbələrdən təxminən 800 min mərmi alınmasını nəzərdə tutan təşəbbüsə Çexiya rəhbərlik edir. Makron keçən ay Çexiya təşəbbüsünü dəstəklədiyini desə də, Fransa indiyədək maliyyə yardımı etməyib. Almaniya isə əksinə, 180 min mərmi alınmasına 300 milyon avro xərcləyir.

Kil İnstitutunun məlumatına görə, müharibə başlayandan bəri Fransa Ukraynaya göndərdiyi yardımın miqdarına görə müttəfiqlərindən xeyli geri qalıb. Paris Kiyevə 22 milyard avro ayıran Almaniyadan fərqli olaraq 2 milyard avrodan az dəstək göstərib. Bu, kəskin uyğunsuzluqdur, baxmayaraq ki, Fransa hökuməti bu rəqəmlərin müasir silahlarının döyüş meydanında göstərdiyi qeyri-mütənasib təsiri nəzərə almadığını deyir.

Xatırladaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrinin Ukraynaya kömək üçün qoşun göndərə biləcəyini istisna etməyib.

Daha sonra Fransa lideri aydınlaşdırıb ki, Rusiya yenidən Kiyev və ya Odessaya hücuma başlayarsa, ölkəsi öz ordusunu Ukraynaya yerləşdirə bilər.

Nizami Bağırov