Dünya 15:08 19.03.2024

Makronun hədəsi, Putinin nüvə şantajı - Dünyanı nə gözləyir? (ŞƏRH)

"Əgər NATO Ukrayna savaşında birbaşa iştirak edərsə, Rusiyanın mövqeləri zəifləyə bilər. Lakin Moskva geri çəkilmək fikrində deyil. Odur ki, ehtimal edə bilərik ki, bu qarşıdurma nüvə savaşı ilə nəticələnəcək üçüncü dünya müharibəsinə səbəb ola bilər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Rusiya prezidenti Vladimir Putinin III Dünya müharibəsi ehtimalı barədə səsləndirdiyi fikri şərh edərkən deyib.

İlqar Vəlizadə qeyd edib ki, Qərb müharibəni Rusiya ərazisinə keçirəcəyi təqdirdə hadisələrin məhz bu istiqamətdə cərəyan edə bilər:
 


"NATO qoşunlarının Rusiyanı tutduğu ərazilərdən çıxarmağa başladığı anda dünya yeni savaşa girə bilər. Yəni, Putin hökuməti III Dünya müharibəsi və nüvə savaşına addımına əl atmalı olacaq. Amma hadisələr hazırda olduğu kimi inkişaf edərsə, onda güman ki, nüvə müharibəsinə də ehtiyac olmayacaq. Rusiyanın nüvə məsələsilə bağlı verdiyi mesajlar yuxarıda qeyd etdiyim məqamlardan ibarətdir. Rusiyanın bu mesajının nə dərəcədə real olub-olmadığını bütün hallarda proses ətrafında cərəyan edən sonrakı hadisələr göstərəcək". 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin seçkidən dərhal sonra Ukrayna məsələsində yenə də Qərbi ittiham edərək, Rusiya-NATO qarşıdurmasının baş vermə ehtimalının gücləndiyinə işarə vurub. Kreml sahibi NATO və Rusiya arasında birbaşa savaşın olma ehtimalının artıq kifayət yüksək olduğunu vurğulayıb. Onun fikrincə, Qərb belə bir savaşa artıq hazırlaşır və tezliklə bu, həqiqətən də baş verə bilər. Bu fonda Putin nüvə müharibəsi ehtimalını da istisna etməyib. 

Xatırladaq ki, bundan bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynaya NATO qoşunlarının göndərilə biləcəyinin anonsunu vermişdi. Hələlik bu istiqamətdə hansısa bir addım atılmasa da, görünən odur ki, verilən mesaj Kremli əməlli-başlı əsəbləşdirib. Məhz bu mesajın nəticəsidir ki, Rusiya rəhbərliyi öz növbəsində Qərbi III Dünya və nüvə müharibəsilə təhdid edir. 

Rüfət Sultan