Xəbər lenti

Martda Türkmənistan qazının Türkiyəyə tədarükü başlayacaq
Dünya 18:23 11.02.2025

Martda Türkmənistan qazının Türkiyəyə tədarükü başlayacaq

Türkiyənin energetika naziri Alparslan Bayraqdar çərşənbə axşamı bildirib ki, Türkmənistan qazının Türkiyəyə tədarükü cari ilin mart ayında başlayacaq.  

Qaynarinfo xəbər verir ki, Türkiyə Energetika Nazirliyinin məlumatına görə, Türkiyənin dövlət boru kəməri operatoru BOTAS ilə Türkmənistanın Türkmənqaz şirkəti arasında bağlanmış müqaviləyə əsasən, qazın tədarükü 1 mart 2025-ci ildən başlanacaq.  

Türkmənistan hökumətinin məlumatına görə, Aşqabad əvvəlki gün BOTAS-la Türkmənistan qazının İran üzərindən "swap" sxemi ilə tranziti planını razılaşdırıb. Lakin nəql ediləcək qazın dəqiq həcmi açıqlanmayıb.  

Türkmənistan hökumətində adının açıqlanmasını istəməyən və əvvəllər Türkiyə ilə aparılan danışıqlara yaxın olmuş bir mənbə bildirib ki, "başlanğıc mərhələdə illik 2 milyard kubmetr qaz tədarükü mümkündür".  

Onun sözlərinə görə, uzunmüddətli əməkdaşlıq üçün Xəzər dənizi vasitəsilə Türkmənistandan Azərbaycana qaz kəməri tikintisi layihəsi müzakirə olunur.  

Mərkəzi Asiyanın ən böyük təbii qaz istehsalçısı olan Türkmənistan 2024-cü ildə hasilatı 80,6 milyard kubmetrdən 77,6 milyard kubmetrə endirib.  

Türkmənistan qazının əsas alıcısı Çindir. Nisbətən kiçik həcmdə qaz Azərbaycan, Özbəkistan və Rusiya tərəfindən alınır. Bununla belə, illik 5,5 milyard kubmetr qaz idxal edən "Qazprom" ilə beşillik müqavilə 30 iyun 2024-cü ildə başa çatıb.  

Türkiyə ildə 50 milyard kubmetrdən çox qaz istehlak edir və onu Rusiya, Azərbaycan və İrandan idxal edir.  

Bayraqdar bildirib ki, Türkmənistanla bağlanan müqavilə Türkiyəyə təbii qaz tədarükünün təhlükəsizliyini artıracaq və iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək.  

"Uzun illər üzərində işlədiyimiz bu razılaşma ilə iki ölkə arasında strateji əməkdaşlığı daha da irəli aparacaq, eyni zamanda ölkəmizin və regionun təbii qaz təchizatı təhlükəsizliyini gücləndirəcəyik", – deyə Türkiyə Energetika Nazirliyi Bayraqdarın sözlərini sitat gətirib.  

O, daha əvvəl Türkiyənin Türkmənistandan ildə 2 milyard kubmetr qaz ala biləcəyini bildirmişdi.  

2024-cü ilin iyul ayında Türkmənistana səfəri zamanı Bayraqdar 20 il ərzində illik 15 milyard kubmetr olmaqla ümumilikdə 300 milyard kubmetr qaz almaq niyyətində olduğunu bəyan etmişdi.  

2023-cü ildə BOTAS Ankaradan Türkmənistan qazının idxalı üçün yeni 10 illik lisenziya alıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->