İlon Musk "Fox News"a verdiyi müsahibədə "Twitter"ın (indiki adı ilə X) son günlərdə üzləşdiyi böyük kiberhücumun mənbəyinin Ukrayna olduğunu iddia edib.
Qaynarinfo xəbər verir ki, Mask bu iddianı hücumun arxasındakı IP ünvanlarının Ukraynadan gəlməsi ilə əsaslandırıb. Lakin "Wired" jurnalına görə, bu sübut olduqca zəif arqumentlərə dayanır.
"Wired"ə danışan mütəxəssislər bildirirlər ki, IP ünvanları yalnız trafikin coğrafi mənbəyini göstərir və hücumun əsl icraçısını və ya məqsədini müəyyən etmək mümkün deyil. "Zayo" şirkətinin təhlükəsizlik rəhbəri Şon Edvardsın sözlərinə görə, IP məlumatları botnet strukturu və ya istifadə olunan infrastruktur haqqında ipucları verə bilər, lakin dəqiq icraçının kimliyini aşkara çıxara bilməz. Hətta bir araşdırmaçı hücumla əlaqəli ilk 20 IP ünvanı arasında Ukraynanın olmadığını iddia edir.
Hücumun məsuliyyətini Fələstin tərəfdarı "Dark Storm Team" adlı haker qrupu "Telegram" vasitəsi ilə öz üzərinə götürsə də, bu paylaşım sonradan silinib. Kiber təhlükəsizlik mütəxəssisləri X platformasının hücuma qarşı hazırlıqsız olduğunu və bəzi texniki səhvlərin platformanın çökməsinə səbəb yaratdığını bildirirlər. "Wired"ə danışan mütəxəssislərə görə, X-in veb sorğularını idarə edən bəzi serverləri "Cloudflare" müdafiəsi altında deyildi. Halbuki "Cloudflare" veb saytları DDoS hücumlarından qoruyan bir sistemdir.
Müstəqil kibertəhlükəsizlik tədqiqatçısı Kevin Bomont hücumun birbaşa X-in IP ünvanlarına və alt şəbəkəsindəki bəzi IP-lərə yönəlmiş botnet hücumu olduğunu və bu botnetin kamera və DVR cihazlarından ibarət olduğunu bildirir. DDoS hücumları internet xidmətləri üçün geniş yayılmış təhlükə olsa da, X-in zəif qorunması hücumun təsirini daha da gücləndirmiş ola bilər.
X-in uğursuz qərar qəbuletmə prosesi və səhvləri səbəbindən xaosa sürüklənməsi yeni hal deyil. Maskın dövlət tərəfindən dəstəklənən bir hücum iddiası mütəxəssislər tərəfindən şübhəli hesab olunur. Kiber əməliyyatlar üzrə mütəxəssis Nikolas Riz bildirir ki, ümumiyyətlə, ən dəyərli kiber hücumlar səssiz və fərq edilmədən həyata keçirilənlərdir. O, bu qədər böyük və diqqətçəkən bir hücumun dövlət aktorları tərəfindən təşkil edilmə ehtimalını az hesab edir və bu hücumdan əldə edilə biləcək faydanın da məhdud olduğunu vurğulayır.
Maskın ifrat sağçı baxışları dəstəkləməsi və Amerika hökumətini tənqid etməsi səbəbindən çoxlu düşmən qazandığı məlumdur. "Tesla" dilerlərinin etirazlar və vandalizmlə hədəfə alınması Maska qarşı narazılığın artdığını göstərir.
Aydın
Şərhlər