Xəbər lenti

Məhkəmə qərarına təsir etmək vədi ilə pul alan şəxs cəzalandırıldı
Ölkə 18:45 09.07.2026

Məhkəmə qərarına təsir etmək vədi ilə pul alan şəxs cəzalandırıldı

Ağcabədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə hökm elan olunub.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə edərək və aldatma yolu ilə zərərçəkmişlərin pul vəsaitlərini ələ keçirməkdə ittiham olunub.

İttihama görə, o, 2023-cü ilin yay aylarında Ağcabədi rayon sakinlərindən birinə məhkəmədə baxılan mülki xarakterli mübahisənin onun xeyrinə həll olunmasına kömək edəcəyini vəd edib. Bu məqsədlə əvvəlcə Ağcabədi Rayon Məhkəməsinin həyətində 600 manat, daha sonra isə Ağcabədi şəhərində yerləşən "Sevimli” ticarət mərkəzinin yaxınlığında idarə etdiyi avtomobildə həmin şəxsdən 5 min manat alaraq ümumilikdə 5 600 manat məbləğində maddi ziyan vurduğu müəyyən edilib.

Bundan başqa, təqsirləndirilən şəxsin 2025-ci ilin sentyabr ayında digər zərərçəkmişə onun kürəkənini əvvəllər işlədiyi Ağcabədi Suvarma Sistemləri İdarəsində yenidən işə bərpa etdirəcəyini vəd etdiyi bildirilib (**düzəliş edildi**). İttihama əsasən, o, bu məqsədlə zərərçəkmişdən yaşadığı evin qarşısında 2 400 manat alaraq həmin vəsaiti ələ keçirib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, birinci epizod üzrə zərərçəkmişdən pul almadığını və məhkəmə işini həll edəcəyinə dair vəd vermədiyini bildirib.

İkinci epizod üzrə isə zərərçəkmişdən 2 400 manat aldığını etiraf edib. İfadəsinə görə, zərərçəkmişə Ağcabədi Suvarma Sistemləri İdarəsində tanışlarının olduğunu deyərək kürəkəninin işə bərpasını təşkil edə biləcəyini bildirib. Daha sonra zərərçəkmiş və onun kürəkəni ilə birlikdə məşğulluq idarəsinə və xəstəxanaya getsə də, əslində heç bir dövlət qurumunda məsələni həll etmək üçün addım atmayıb. O, bu hərəkətləri yalnız zərərçəkmişlərin etimadını qazanmaq məqsədilə etdiyini, aldığı pulu isə şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib. Təqsirləndirilən şəxs həmçinin nə Ağcabədi Suvarma Sistemləri İdarəsində, nə də məhkəmədə hər hansı tanışının olmadığını və heç bir vəzifəli şəxsə pul vermədiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmişlərin və şahidlərin ifadələrini, eləcə də iş üzrə toplanmış digər sübutları araşdıraraq onun təqsirinin sübuta yetirildiyi qənaətinə gəlib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinərək məhkum edilib.

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->