Təhsilin İnkişafı Fondu publik hüquqi şəxsi Bakı şəhəri, Sabunçu rayonu, 68 nömrəli tam orta məktəbin yeni binasının tikintisinin davam etdirilməsi ilə bağlı növbəti satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən, sözügedən məktəbin köhnə binasının yerində inşa olunan 528 şagird yerlik yeni təhsil müəssisəsində əlavə tikinti işləri görüləcək, həmçinin bina mebel və avadanlıqlarla təmin ediləcək.
Müsabiqənin qalibi "Meqaplus” firması seçilib. Görüləcək işlərə görə şirkətə 1 milyon 193 min 126 manat 66 qəpik ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına görə, "Meqaplus” firması 24 aprel 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 20 manatdır. Hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 6/21, mənzil 14-də yerləşən müəssisənin qanuni təmsilçisi Seyidov Abuzər Bəkir oğludur.
Bununla belə, şirkətin fəaliyyəti barədə açıq informasiya resurslarında geniş məlumat mövcud deyil. Eyni zamanda, firmanın qanuni təmsilçisi Abuzər Seyidov haqqında da ictimaiyyət üçün əlçatan mənbələrdə hər hansı məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elektron portalında dərc olunan məlumatlardan isə görünür ki, "Meqaplus” müxtəlif istiqamətlər üzrə dövlət sifarişlərinin icrasında iştirak edir. Şirkət daha əvvəl sayğacların satın alınması ilə bağlı keçirilmiş bir neçə tenderin qalibi olub.
Seyid
Şərhlər