İdman 17:33 03.03.2023

Məmmədkərimov millidəki boşluqlardan danışdı: “Narazılığım odur ki…”

Bu gün futzal üzrə millimiz DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstanla qarşılaşacaq. Əvvəlki qarşılaşmalarda məğlub etdiyimiz yunanlarla bu görüşdə təbii ki, millimizdən qələbə gözləntiləri çoxdur. Bəs yığmamızın sabiq üzvü Namiq Məmmədkərimov nə düşünür?

Hazırda Yüksək Liqada "Neftçi”nin formasını geyinən təcrübəli futzalçı Qaynarinfo-ya açıqlamasında oyunla, həm də yığmamızın durumu ilə bağlı fikirlərini bildirib:

"Millimizin Yunanıstanla oyuna hazırlıq prosesini gördüm. Trenajorda, standart vəziyyətlər üzərində, oyunları analiz etmək baxımından yüksək səviyyədə işləyirlər. Komanda formadadır. Bilirsiniz ki, "Araz-Naxçıvan” yığmanın bazasıdır. Millinin oyunçuları bu klubdadır. "Araz-Naxçıvan”a qarşı oyuna yüksək səviyyədə hazırlaşmışdıq. Oyuna əla başlamışdıq. Ancaq ikinci hissədə uduzduq. Göründü ki, məşqləri boşuna keçməyiblər. İkinci hissədə onlara gücümüz çatmadı, hiss olunurdu ki, fiziki cəhətdən çox üstündürlər. Oyuna tam hazırdırlar, Yunanıstanı rahat keçə bilərlər. Alesio ilə çalışmışam, onun komandasında oynamışam. Arxayınlaşmaq və ya bu kimi hallar peşəkarlara yaraşmayan hərəkətdir. Alesio da bunu xoşlamır. Nə keçilməz rəqib, nə də zəif komanda var. Tam şəkildə köklənib 3 xal üçün oynayacaqlar. Millimiz hazırlığa tez başlasa da yoldaşlıq matçı keçirmədi. Bunu Alesio da açıqlamasında bildirdi. Yunanıstan klubları ilə rəsmi matçlarda oynamışam. Ancaq millinin heyətində onlara qarşı oynamamışam. Onu deyə bilərəm ki, çox yüksək tempə malik komanda deyil. Ancaq növbəti oyunda qarşılaşacağımız Polşa xeyli fərqlənir. Onların həm çempionatları həm yığmaları fərqlidir. Ona görə də millimiz üçün çətin olacaq. Polşa evdə yaxşı oynayır. Sürprizlər görə bilərik”.

Futzalçı dəyişikliklərdən sonra millinin hazırkı durumu və legionerlərin çıxışı ilə bağlı düşüncələrini bölüşdü:

"Boşluqlar görünürdü. Ancaq baş məşqçi gedənlərin yerini doldurub. Kifayət qədər legionerlərimiz var. Düzdür, Rizvan Fərzəliyev oynayanda rahatlıq olurdu. Ümumiyyətlə mənim üçün Rizvanla oynamaq həmişə rahat olub. Bir-birimizi yaxşı anlamışıq. Ancaq hazırda o yoxdur. Əvəzində Qalo və ya başqası oynaya bilər. Legionerlərlə bağlı narazılığım odur ki  - "Araz-Naxçıvan”a qarşı oynayanda da gördüm - əllərinə düşən 5 imkandan cəmi birindən istifadə edirlər. Çox fürsətləri boşa verirlər, son nöqtəni qoya bilmirlər. Əvvəlki legionerlərimizin fərqi bu idi ki, qol imkanlarından istifadə edirdilər. Oyunu üzərinə götürənlər də olurdu. Kollektiv oyun göstərirlər. "Dirəy”ə oynayan komandadır. Ancaq həmin "Dirək” mövqeyindəki futbolçular da qol imkanını boşa verir. Komanda şəklində oyuna gəlincə, hər şey qaydasındadır”. 

Səbuhi Həsənov