"Qalatasaray"ın prezidenti Burak Elmas klubun son illərdə həyata keçirdiyi transferlərdə menecerlərə edilən ödənişlərin miqdarını açıqlayıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elmas "Qalatasaray"ın sabiq prezidenti Dursun Özbekin dövründə menecerlərə 12 milyon avro verdiyini açıqlayıb. O, mərhum Mustafa Cengizin dövründə menecerlərə 23, öz dönəmində isə 4 milyon avro ödənildiyini bildirib. 2015-2022-ci illər üçün aparılan araşdırmada 51 futbolçuya görə 66 menecerə 39 milyon avro verildiyini deyən Elmas, Radamel Falkao və Jesse Sekidika transferlərindəki xərcləri xüsusi vurğulayıb.
Elmas 2022-ci ilin yanvarında "Əskişəhərspor"dan Sekidika üçün 2 ayrı təmsilçiyə 1 milyon 575 min avro ödənildiyini deyib. O, kolumbiyalı ulduz Falkaonun tarnsferi üçün isə 3 menecerə ümumilikdə 3 milyon 750 min avro ödənildiyini açıqlayıb. 2019-cu ilin sentyabrında əlavə bonuslar olmadan "Monako”dan "Qalatasaray”a keçən Falkaonun transferinin 22,9 milyon avroya başa gəldiyi bildirilib.
Bundan əlavə, Kostas Mitroglou üçün 2 ayrı təmsilçiyə 700, Jan Maykl Seri üçün 2 ayrı təmsilçiyə 550, Steven Nzonzi üçün isə 3 fərqli agentə 600 min avro ödənildiyi açıqlanıb. Prezident hazırkı heyətdə yer alan 2 futbolçuya görə isə 4 menecerə ümumilikdə 1,7 milyon avro verildiyi bildirilib.
Digər tərəfdən, "Qalatasaray"ın qış fasiləsində heyətinə qatdığı futbolçuların xərci ilə bağlı da məlumat verən Elmas, Erik Pulqara 750, İnaki Penaya isə 375 min avro ödəniləcəyini açıqlayıb. Yarım mövsümə görə isə digər transferlərdən Semih Kayaya 4 milyon lirə verilib. Bu mövsüm 750 min avro alacaq Bafetimbi Qomişin isə gələn il 1 milyon 750 min avro qazanacağı bildirilib.
"Qalatasaray" tərəfindən TFF-yə 2018-2019-cu ilin fevral ayından etibarən menecerlərə 10 min avro ödənildiyini bildirmişdi. TFF-dən verilən başqa bir açıqlamada sarı-qırmızılı klubun 2019/2020 mövsümünün sonunda 3 milyon 330 min avro ödəniş etdiyi açıqlanıb.
Səbuhi Həsənov