İdman 11:37 15.12.2022

Mərakeşin məğlubiyyəti Avropanı qarışdırdı

DÇ-2022-nin yarımfinalında Fransa Mərakeşi 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Qaynarinfo-nun məlumatına görə, oyundan sonra Avropanın bəzi şəhərlərində qarışıqlıq yaranıb. Fransanın bir çox şəhərlərində, xüsusən də Monpelye və Nitsada müəyyən insidentlər baş verib. Bəzi yerlərdə polis iğtişaşçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, azarkeşlər isə zibil qutularını yandırıblar. 

Oyundan sonra yüz minlərlə mərakeşlinin yaşadığı Belçikanın paytaxtı Brüsseldə də hadisələr baş verib. Qarşılaşmanın sonunda polis mərakeşlilərin sıx yaşadığı bölgədə bəzi küçələri nəqliyyatın hərəkəti üçün bağlayıb. Sözügedən ərazidə toplaşan bəzi qruplar küçələrdə təkər yandırıb və polisə qarşı atəşfəşanlıq edib. Polis kütləyə gözyaşardıcı qazla müdaxilə edib. Hadisələr zamanı bəzi nümayişçilərin saxlanıldığı bildirilib.

İtaliyada da kiçik miqyaslı insidentlər baş verib. Qarşılşamadan sonra Milanda 100-ə yaxın mərakeşli azarkeşin Corso Buenos-Ayres küçəsində toplaşaraq əvvəlki matçlardakı qələbəni qeyd etdiyi bildirilib. Mərakeşli azarkeşlər bayram üçün özləri ilə gətirdikləri məşəlləri yandırıblar. Bəzi mərakeşli azarkeşlər məğlubiyyətə baxmayaraq, komandalarının indiyəqədərki çıxışından razı qaldıqlarını bildiriblər. Bəzi tərəfdarlarla yoldan keçənlər arasında kiçik miqyasda mübahisələrin yaşandığı, davada iştirak edən 1 nəfərin saxlanıldığı qeyd edilib. Təhlükəsizlik qüvvələri hadisələrin böyüməməsi üçün tədbir görüb.

Səbuhi Həsənov