Xəbər lenti

Dünya 12:21 07.03.2023

Meral Akşener "masa"ya niyə qayıtdı? - "Bu addımı atmağa məcbur oldu, lakin..."

"Düşünürəm ki, Meral Akşener partiya elektoratı və Türkiyə cəmiyyətinin reaksiyasından sonra geri addım atdı”. 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyədə İYİ Partiyanın sədri Meral Akşenerin yenidən "altılı masa”ya qayıdaraq, CHP lideri Kamal Kılıcdaroğlunun prezidentliyə namizədliyinə dəstək verməsinə münasibət bildirərkən deyib.

Siyasi şərhçin fikrincə, bu addım partiya liderinin nüfuzuna və siyasətçi kimi etibarına zərbə olub:

"Çünki normalda məlum tələbini irəli sürüb, masanı tərk etdikdən sonra geri qayıtması onun nüfuzuna və siyasətçi kimi etibarına zərbə oldu. Lakin görünür ki, partiya üzvlərinin və ictimaiyyətin sərt təpkisinin bu qədər olacağını gözləmirdi. Digər tərəfdən, indiki şərtlərdə onun alternativ variantları demək olar ki, yoxdur. Seçkilərdə Ərdoğana rəqib olacaq yeganə qüvvə Millət İttifaqıdır”. 
 


Həmsöhbətimizin fikrincə, müxtəlif cinahlarda təmsil olunan qüvvələri bir masa ətrafında birləşdirməyi bacararsa, Kılıcdaroğlunun seçkilərdə qələbə qazanmaq şansı böyükdür:

"İttifaqın bundan sonrakı əsas yükü Kamal Kılıçdaroğlunun üzərindədir. O, indi həm sol, o cümlədən HDP kimi həssas və problemli elektoratı, həm də İYİ Partiyanın mərkəz sağ, millətçi-mühafizəkar cinahını birləşdirməlidir. Əgər, bunu bacararsa, seçkilərdə uğur qazana biləcək. Əks təqdirdə, qələbə qazanmaq mümkün deyil. Qeyd olunan bu həssas tərəfləri bir araya gətirmək isə elə də asan olmayacaq. Lakin o da var ki, Kılıçdaroğlu Türkiyə siyasətində barışıq yaradan, fərqli tərəfləri bir araya gətirmək təcrübəsi və potensialı olan azsaylı siyasi liderlərdəndir. Seçkiyə çox az zaman qalıb, belə görünür ki, proseslər çox sürətlə inkişaf edəcək”. 

Qeyd edək ki, İYİ Partiya sədri Meral Akşener "altılı masa”ya geri qayıdıb. Məlumata görə, o, İstanbul Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Bələdiyyəsinin sədri Mansur Yavaşla görüşündən sonra ayrılıq qərarından vaz keçib. "Altılı masa”nın dünən baş tutab görüşündə isə Akşener CHP sədri Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəkləyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->