Orxan Kərimov
Mart ayıdır. Ana təbiət yavaş-yavaş oyanır. Amma bu oyanış mənim uyuşmuş həyatımda o qədər də sensasiyalı məsələ deyil. Çünki mən yaz da olsa, qış da olsa, səhər tezdən oyanıb işimə gedir, işdə də sənədlərlə, yazılarla həşir-nəşir olub, bol-bol çay içib, axşam da evə gəlib ya film izləyir, ya da kitab oxuyuram. Sonra da çarxı döndürmək, eyni günün kasetini yenidən izləmək üçün başımı atıb yatıram. Qısaca desəm, bu dönəmlərdə həyatımın "Groundhog Day” filmindən o qədər də fərqi yoxdur. İndi mənə nə isə maraqlı bir şey lazımdı. Hansısa həyəcan... Amma hansı?!
Elə iş masamda oturub bu düşüncələri beynimdən keçirə-keçirə işləyirdim ki, telefonumun ekranına feysbukdan yeni bildiriş gəldi: "Müshfiq Shukurov durumunu güncelledi”. İşimi saxladım və telefonu əlimə alıb bildirişi açdım. Gördüm ki, Müşfiq müəllim Merilin Monro ilə bağlı yeni müzakirə videosu paylaşıb.
(Müşfiq Şükürov mənə görə ağılı, savadı və düşüncəsilə seçilən hörmətli filosoflardandır. Onun "Konfutsi belə deyirdi” kitabı, həqiqətən, insanı mükafatlandıran və cəzalandıran bilgilərlə doludur. Hətta illər öncə Müşfiq müəllimi belə bir cümlə ilə də "təsvir” etdiyimi xatırlayıram. "Əgər Tanrı Daniel Defo olsa idi, şübhəsiz, Müşfiq Şükürov "Robinzon Kruzo" olardı”.)
Videonun başlığı məni həyəcanlandırmağa bəs etmişdi. Özü də , deyəsən, bu mən axtaran həyəcan idi. Axı başlıqda Monronun rəsmi həkk edilmişdi. Müşfiq müəllimin də söhbətini dinləmək istədiyim üçün əlimdəki işlərimi tez yekunlaşdırıb videonu açdım. Nə yalan deyim, maraqlı fikirlərlə zəngin video idi. Monro haqqında da çoxlu məlumatlar vardı. Hər nə qədər videoda deyilənlərin çoxunu bilsəm də, öyrəndiklərim də oldu. Nə isə ki, videonu izləyib bitirdim, hətta bəzi hissələrini geri fırladıb təkrar baxdım. Amma nə isə çatışmırdı. Monro haqqında hər şey danışılan videoda sanki dərin qırılma, boşluq var idi. "Bu boşluq nə idi?" - deyə düşünərkən birdən videodakı dərin boşluqdan mənə əl yelləyən balaca Norma Ceyni tapdım. O, balaca uşaq görkəmində idi. Bəli, çatışmazlıq onun özü, yoxluğu idi. Videoda Monro haqqında hər şey olsa da, Ceyndən, onun həyatından , Ceynin necə Monroya çevrilməsindən heç nə danışılmamışdı.
Monro yüngül həyat tərzi yaşamışdı və özü qarışıq bütün dünya bunu bilirdi. Öz günahlarının da cəzasını ən ağır şəkildə - canıyla ödəmişdi. Gəlin icazə verək Monro rahat uyusun. Biz də bütün dünyanın tanıdığı Monrodansa, balaca Ceyndən danışaq. Ya da Ceynin özüylə danışaq. Ölümündən 60 il keçməsinə baxmayaraq, hələ də kişilərin, qadınların, hətta filosofların belə mövzusu olursa, deməli, o ölməyib. Sadəcə ya mən zamanda geri getməliyəm, ya da bir az təxəyyülümü incidib onu indiyə gətirməliyəm. Birincini hələ ki bacarmasam da, ikinci məndə həmişə yaxşı alınır.
Bəzi insanlar üçün fahişələrin həyat yolu, fahişəliyin tarixçəsi ən az fahişələrin özü qədər maraqlı və cazibədar görsənir. Yəqin ki, bu səbəbdən kişilərin böyük əksəriyyəti yatdığı fahişələrə "Necə oldu bu yola düşdün?" sualını mütləq verirlər.
Bəlkə biz də bu sualı Ceynə verək, amma bu dəfə yatmadan... Boşluqdakı qızı gətirib otuzdurdum qarşımda. O, hal-hazırda mənim qarşımdadır. Lap elə canlı-qanlı müsahibimdir.
İlahi, bu ki digər bütün qadınlar kimi... Axı necə olmuşdu ki...
-Salam Ceyn. Necə oldu bu yola düşdün?
-Bağışlayın, bu çox yanlış başlanğıc oldu.
-Niyə? Sən olsaydın, özünə hansı sualı verərdin?
-Ən azından bu bərbad sualı verməzdim. Mən ucuz bar fahişəsi deyiləm. Olmamaq üçün də hər şeyimi vermişəm. Həyatımı belə... Mən Amerika kino aktrisası, müğənni və modeləm. Həmçinin, XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biriyəm. Ölümümdən 33 il sonra belə dünyada ən cazibədar qadın seçilmiş insanam. Bəli, insan... Amma baxıram ki, 2021-ci ildə belə insan təfəkkürü, ələlxüsus da kişi təfəkkürü heç dəyişməyib. Sizə bu sadaladıqlarım , yaratdıqlarım yox, yatdığım kişilər maraqlıdır.
- Bağışla. Yaxşı, elədirsə, onda mən Monrodan yox, Ceyndən danışmağını istəyirəm.
-Axı Ceyndən danışılası heç nə yoxdur. O hələ doğulmamış atası tərəfindən atılan, ilk zərbəsini atasından alan, atasının günahını bütün ömrü boyu öz çiyinlərində daşıyan minlərlə övladdan biridir. Mən hələ sonralar uşaqlar evinin pəncərəsində şəhərə baxarkən öyrənmişdim ki, sən demə, bəzi atalar uşaqlarını çiyinlərinin üzərinə, göylərə qaldırdığı halda, bəzi atalar da yerin yeddi qat dibinə soxa bilərmiş... Amma ən çox da anama etdikləri, onu dəlixanaya salacaq qədər vəhşi olmasına görə ona bütün həyatım boyu nifrət etmişəm. Maraqlısı bilirsiniz nədir ? 8 yaşımdan uşaqlar evindəydim. Orada mənə toxunan yaşlı işçi var idi. Daha sonra 13 yaşımdan uzaq qohumumgildə yaşadım, orada da təcavüz etdilər, amma mənə toxunanlar və bütün həyatım boyu məni fiziki və ya ruhən istismar edən kişilərin cəmi tək atamın incitdiyi qədər incidə bilməmişdi məni...
-Üzr istəyirəm. Yaşadıqlarına da hörmətlə yanaşıram. Lakin dünyada hamının başına fəlakətlər gəlir, Ceyn, amma digərləri kişiləri yoldan çıxaran, pula düşkün, həyasız qadın obrazına çevrilmir.
-Pula düşkün? İlahi, mənim yoxluğumdan istifadə edib dünyaya necə tanıdıblar? 50-60-cı illərdə də dünya yaxşı, təmiz yer deyildi. Amma bu qədər ədalətsiz də deyildi. Mən heç vaxt pul hərisi olmamışam. Sadəcə möhtəşəm, zəifliklərini gücə çevirən qadın olmaq, ailəmdən görmədiyim sevgini bütün dünyadan, atamdan görmədiyim nəvazişi bütün kişilərdən almaq istəmişəm. Siz mənə əksi üçün şans verə bilsəydiniz əmin olun, mən bir atamın sevgisini bütün dünyanın sevgisinə dəyişərdim. İndi isə siz qınayıcı baxışlarla mənə baxarkən açıq ayaqlar, qırmızı dodaqlar, sarı saçlar görürsünüz, mən isə güzgüyə baxanda sevgisiz böyüyən uşaq, peşmanlıqlar içində yeniyetmə və ölümə sürüklənən qadın görürəm.Siz mənə baxarkən məni yox, özünüzü - öz günahlarınızı görürsünüz, mən ki heç nə etmirəm, sadəcə oturmuşam. Bu, həmişə belə idi.
-Sənin dövrünlə indiki zaman arasında nələr dəyişib?
-Suallarınıza ,haqqımda danışılanlara, dünyada baş verənlərə baxıram, əslində çox da bir şey dəyişməyib. Bayaq bir məqalə oxudum. 2021-ci ildə belə dünyada təbii fəlakətlər baş verərkən ən çox qadınlar uçqun altında qalıb canını tapşırırmış. Çünki gecə vaxtı paltarsız bayıra qaçsalar, namusları zədələnər. NAMUS... NAMUS... Şərqdə pirsinqtaxmağı hələ də namussuzluq sayan ölkələr var, həmçinin dünən bir qərb ölkəsində hicab qadağısı qoyulub, bunların üstünə bir də qadın cinayətləri və intiharların statistikasını əlavə etsək, belə çıxır ki, dünya hələ də qadının itemlərini gündəm edə bilir və mənim yataq hekayələrimdən daha vacib məsələləriniz var. Məncə, onlarla məşğul olmalısınız.
İndi isə məni bağışlayın, getməliyəm. Sizin dünyanıza, sevgisizliyinizə, hökmlü və aşağılayıcı baxışlarınıza səbrim çatmır. Heç 60 il əvvəl də çatmırdı. Mən Merilin Monroyam, Tereza ana deyiləm, heç olmaq fikrim də yoxdur. Bəlkə siz peyğəmbər övladısınız, elə buna görə də hər şeyi və hər kəsi qınaya bilirsiniz , ancaq mən deyiləm. Mən günahları, göz yaşları, yuxusuz gecələri, kirlənmiş səhifələri olan qadınam. Ya da yox, qadın deyiləm. Mən MERILİN MONROYAM
Son olaraq bunu da yazarsınız: "Bütün günahlar insanı fahişə etsə idi, hansınız başınızı qaldıra bilərdiniz?” Unutmayın , fahişələrə qarşı yox, fahişəliyə qarşı mübarizə aparsanız, insanlıq qalib gələcək. Əks halda, sadəcə məni öldürməyə gücünüz çatar... Sağ olun!!!