Hüseynbala Səlimov
Siyasət kişi peşəsi olaraq qalır – ola bilsin, kimsə bununla razılaşmayacaq, amma fakt faktlığındadırr və böyük əksəriyyət də məhz
belə düşünür.
Hər seçkidə biz yeni-yeni kişi siyasətçilərin siyasi səhnəyə gəlişinin şahidi oluruq. Onlar hamısı böyük hesabla biri-birinə bənzəyir. Amma
elələri də olur ki, öz dəsti-xətti, orijinallığı və nəticələrilə biri-birindən fərqlənirlər.
Sonuncular bir qayda olaraq ümumi haldan istisnalar olular. Qadınlarsa bir qədər fərqlidir –burada böyük siyasətdə qadının peyda olmasının özü
bir istisnadır. Görün nə qədər vaxt keçib? Amma məndən bir neçə qadın siyasətçinin adını soruşsalar, yalnız onlardan üçünün adını çəkə bilərəm: Tetçer, Bhutto və Merkel...
Bunları niyə deyirəm? Almaniyanın kansleri Merkel bu ilin payızında böyük siyasətdən gedəcəyini vəd edir. Xatırladaq ki, sentyabrda alman
parlamentinə - Bundestaqa seçkilər keçiriləcək və xanım A.Merkel artıq bəyan edibdi ki, seçkilərə qatılmayacaq...
Bizim Merkelə münasibətimiz həmişə mürəkkəb olub. Elə siyasi dairələrdə, beynəlxalq düşərgədə də ona münasibət sadə və birmənalı deyil: onu daim ikibaşlı siyasət aparmaqda, Rusiya ilə oynamaqda və Putinlə işgüzar isti münasibətlərdə, məşhur GUAM üçlüyünün NATO- ya inteqrasiyasını yubatmaqda –ləngitməkdə ittiham ediblər. Təsadüfi deyil ki, Merkelin siyasətdən getmək qərarından ilk təsirlənənlərdən biri məhz Rusiya prezidenti Vladimir Putin oldu.
Dünyada hər cür siyasətçilərə təsadüf etmək olur. Elələri olur ki, sanki siyasətçinin və siyasətin ştampını yaradırlar. Qadın siyasətçilər arasında Tetçer belə idi – bəli, "dəmir ledi” adlandırılan Marqaret Tetçer.
Onun adı ABŞ prezidenti R.Reyqanla birlikdə dünyanın yeni geosiyasi arxitekturasını yaradanların sırasında çəkilir. M.Tetçer yazının əvvəlində
adını çəkdiyimiz orijinallardan biri idi. A.Merkel çox şeydə M.Tetçeri xatırladır, əgər səhv etmiriksə, bu xanımların hətta təhsilləri də eynidir, hər ikisi kimyaçıdır. Hər ikisi hətta xarici görünüşünə görə belə sırf işgüzar xanım təsiri bağışlayırlar.
Amma Merkel Tetçer ola bilmədi və bəlkə də olmamalı idi də. Tetçer soyuq müharibə dövrünün, Merkel isə sonrakı dövrün – Sovetlərin artıq
olmadığı və vahid Almaniyanın mövcud olduğu dövrün siyasi xadimi idi və bu səbəbdən də onun siyasi ritorikası və dəsti-xətti fərqli olmalı idi və
oldu da.
Yarım əsrlik soyuq müharibə dövründə hər şey aydın idi, qaranlıq məqamlar yox idi – iki siyasi düşərgə vardı və bunlar arasında soyuq savaş gedirdi. İndisə dünya daha qəlizdir: Rusiya SSRİ-nin varisi olsa da, onun nə qlobal siyasi çağırışları, nə də bunun üçün imkanları var. Rusiyanın sadəcə nüvə başlıqları və bir də ambisiyaları var. Ona görə də Rusiyaya münasibətdə Qərbin birmənalı yanaşması hələ yoxdur. Elə bu səbəbdən Merkel kimi siyasətçilərə haqq qazandıranlar da var: prinsipcə, Rusiya ilə də əməkdaşlıq etmək olar və hətta lazımdır da. Bir daha xanım Tetçeri xatırlasaq, o, da Mixail Qorbaçovu kəşf edən, onun SSRİ- ni və sosialist düşərgəsini dəyişək bir siyasətçi olacağına inanan ilk Qərb siyasi xadimlərindən biri olmuşdu...
Merkelə də bu prizmadan yanaşmaq olar. Amma Putin Qorbaçov deyil və onun son illərdə apardığı siyasət–Krımı işğal etməsi, Ukraynanın şərq
bölgələrini öz nəzarətinə alması, keçmiş sovet məkanında aqressiv siyasi kurs aparması, prinsipcə, onu qarşı siyasəti kəskin dərəcədə
soyuqlaşdırmaq üçün yetərlidir.
Burada vahid Almaniyanın yaranmsının bəzi detallarını xatırlamaq olar. Almaniya qarşısında çox tələblər və şərtlər qoyulmuşdu. Bunlardan biri də bu idi ki, o, digər Avropa ölkələrinə ərazi iddiaları irəli sürməyəcək.
Belə də oldu. Almaniyanın bir çox ölkələrin ərazisində torpaqları qalsa da Berlin heç kimə qarşı hər hansı iddia irəli sürmədi. Prinsipcə, Rusiyanın da qarşısında belə bir şərt qoymaq olardı ki, keçmiş sovet məkanında təcavüzkar siyasət yürütməyəcəksən, bu ərazilərdə konfliktlər yaratmayacaqsan. Amma bu olmadı–bəlkə də ona görə ki, bəzi Avropa ölkələrinn liderləri Moskva ilə isti münasibərlər qurmağa tələsdilər. Onlardan biri də Angela Merkel oldu...