Mərkəzi Afrika Respublikasının Batanqafo şəhərində silahlı qruplaşmaların qarşıdurması nəticəsində 10 mindən çox insanın bir xəstəxanaya sığındığı, yüzlərlə insanın isə meşələrə qaçdığı bildirilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sərhədsiz Həkimlər Təşkilatı məlumat yayıb.
Qarşıdurma nəticəsində yerlərindən didərgin salınan insanların məskunlaşdığı 3 düşərgənin, çox sayda evin və şəhər bazarının yandırıldığı qeyd olunur.
Sərhədsiz Həkimlər Təşkilatının Mərkəzi Afrika Respublikası üzrə rəhbəri Ömər Əhməd Abenza bildiib ki, uzun müddətdir sakitliyin hökm sürdüyü bölgədə son qarşıdurmadan sonra vəziyyət get gedə pisləşir.
"Qida, sığınma və digər ehtiyacların qarşılana bilinməməsi vəziyyəti daha da acınacaqlı hala gətirəcək".
O, xəstəxanada həm xəstələrə, həm də evlərindən didərgin düşmüş şəxslərə qulluq etmək məcburiyyətində qaldıqlarını ifadə edib.
Parlamentin sədri Əbdül Kərim Meckassouanın ötən həftə vəzifəsindən uzaqlaşdırılması səbəbindən qarşıdurmanın şiddətləndiyi bildirilir.
Qeyd edək ki, ölkədə siyasi böhran 2012-ci ildə Seleka silahlı qruplaşmasının hakimiyyətə qarşı çıxmasından sonra başlayıb.
Xristian anti-Balaka ilə Seleka arasındakı qarşıdurma nəticəsində əksəriyyəti müsəlmanlar olan minlərlə insan həyatını itirib.
2016-cı ildə hakimiyyət dəyişdikdən sonra siyasi böhran başa çatsa da, zaman-zaman yenə də şiddətli qarşıdurmalar olur.