Almaniyada parlament seçkilərində qalib gələn Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (XDİ/XSİ) blokunun lideri Fridrix Mertz Avropanın ABŞ-dan asılılığını azaltmasının vacibliyini bəyan edib və NATO alyansının gələcəyi ilə bağlı şübhələrini ifadə edib.
Qaynarinfo Politico-ya istinadla xəbər verir ki, Mertz bu fikirləri bazar günü axşam Almaniya televiziyasının efirində
səsləndirib.
Mertz bildirib ki, Donald Trampın administrasiyası Avropa ilə maraqlanmır və Rusiya ilə yaxınlaşır. O, Avropanın müdafiəsinin təcili gücləndirilməli olduğunu vurğulayıb.
"Mənim mütləq prioritetim Avropanı mümkün qədər tez gücləndirmək olacaq ki, biz addım-addım həqiqətən ABŞ-dan müstəqilliyə nail olaq", – Almaniyanın gələcək kansleri bildirib.
"Ola bilsin, mən heç vaxt televiziyada belə bir şey deməli olacağımı düşünməzdim. Lakin Donald Trampın ötən həftə verdiyi bəyanatlardan sonra aydın oldu ki, amerikalılar, heç olmasa onların bu hissəsi, yəni hazırkı administrasiya, Avropanın taleyinə böyük ölçüdə laqeyddir", – deyə o əlavə edib.
NATO-nun qəti tərəfdarı olan Mertz Avropanın alyansa alternativ olaraq yeni müdafiə strukturu hazırlamalı olacağını istisna etməyib.
"Mənə çox maraqlıdır ki, biz iyunun sonunda keçiriləcək NATO sammitinə doğru necə irəliləyəcəyik. NATO-nun hazırkı formasında qalacağından danışacağıq, yoxsa daha sürətlə müstəqil Avropa müdafiə qabiliyyəti yaratmalı olacağıq", – deyə Mertz bildirib.
O qeyd edib ki, ABŞ Konqresi və Ağ Evin Ukraynanı sülh danışıqlarından kənar qoymayacağına dair müəyyən qədər ümidləri var, baxmayaraq ki, onun sözləri nikbin səslənməyib.
"Mən əmin deyiləm ki, yaxın həftə və aylarda Amerika hökumətinin bu müharibəyə münasibəti necə olacaq. Son günlər məndə belə bir təəssürat yaranıb ki, Rusiya və Amerika burada Ukraynanın, dolayısıyla da Avropanın başı üzərində anlaşırlar", – deyə o vurğulayıb.
Mühafizəkar Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı bloku 23 fevral seçkilərində seçicilərdən ən çox səs toplayır və gözlənildiyi kimi, Mertz Almaniyanın növbəti kansleri olacaq.
Ultrasağçı "Almaniya üçün Alternativ" partiyası isə keçmiş Şərqi Almaniya ərazilərində inamlı qələbə qazanıb.
Alpər
Şərhlər