İdman 12:57 19.12.2022

Məşhur repçi Argentinanın qələbəsinə mərc etdi, 1 milyon dollar uduzdu

Məşhur Kanadalı repçi Dreyk DÇ-2022-nin finalında Argentina millisinə dəstəyini göstərib. 

Qaynarinfo xəbər verir ki, amma repçi bunu fərqli şəkildə edib. Dreyk Messinin komandasının çempion olacağı ilə bağlı mərc edib. O, Argentinanın çempionluğuna bukmeker kontorlarının birində 1 milyon dollar yatırıb. Ancaq o, əlavə vaxtın sayılmadığı və nəticənin 90 dəqiqəlik oyundan sonra hesaba əsasən müəyyən olunduğu 1x2 əmsalı üzrə mərc edib. Ancaq oyun əlavə vaxta getdiyindən repçi 2.75 milyon dollardan məhrum olub. 

Məsələnin maraqlı tərəfi odur ki, Dreyk əvvəllər qələbəsinə pul qoyduğu komandaların uduzması ilə məşhurdur. Hətta onunla bağlı "Dreyk lənəti" adlı rəvayətlər var. "Dreyk lənəti" zarafat kimi başlasa da sonradan ciddi maraq qazandı.

"Dreyk Lənəti" ilk dəfə 2016-cı ildə başlayıb. Bir mövsümdə 73 ardıcıl qələbə qazanan "Qolden Steyt Varriors"  NBA-nın final seriyasında 3:1 hesabda irəli olduğu matçda Maykl Cordanın rəhbərlik etdiyi "Çikaqo Bullz"a 4:3 hesabı ilə məğlub olur. Bu vaxta qədər NBA tarixində heç bir komanda final seriyasında  3-1 hesabı ilə öndə olduğu zaman uduzmamışdı.

Növbəti "lənət" MMA-da Konor Makqreqorla Həbib Nurməhəmmədovun döyüşündə yaşanıb. Əksəriyyət döyüşdə Makqreqorun qalib gələcəyini düşünsə də dördüncü raundda məhz Nurməhəmmədov rəqibini məğlub edərək MMA titulunu qazanmışdı. Halbuki Dreyk Makqreqorun qələbəsinə mərc etmişdi. 

Məşhur repçi 2022-ci ildə MMA-da yüngül çəki dərəcəsində yarışan Kamaru Usmanın da qələbəsinə mərc etmişdi. Həmin döyüşdə Usman rəqibi üzərində uzun müddət üstünlüyə malik olsa da sonuncu raundda inanılmaz şəkildə nokauta düşmüşdü.

Dreyk oktyabrda İspaniya La Liqasında baş tutan "Real" - "Barselona" matçında katalon klubun qələbəsinə mərc edib. lakin həmin görüşdə "Real" 3:1 hesablı qələbə qazanmışdı. 

Qətərdə baş tutan dünya çempionatında Argentina - Fransa finalından əvvəl Dreyk açıqlamasında "Mən Argentinanı dəstəkləyəcəyəm" sözlərini söyləmişdi. 
 
DÇ-2022-nin finalında Argentina millisi əsas və əlavə vaxtı 3:3 bitən matçın penaltilər seriyasında Fransanı 4:2 hesabı ilə məğlub edib.

Səbuhi Həsənov