
Rep son illərdə gənclər arasında çox dinlənilən musiqi növlərindən birinə çevrilib və yetərincə istedadlı repçilərimiz var. Yaxın günlərdə "Axtar" adlı trekinə klip çəkən Paster də həmin gənclərdən biridir. Onunla görüşüb bu sənətə marağı, fəaliyyəti və gələcək planları ilə maraqlandıq.
- Niyə Pərviz yox, Paster? Adınızın bir hekayəsi varmı, yoxsa elə öz adınıza uyğun olaraq seçmisiniz?
- Açığı, niyəsini bilmirəm. Hərbi xidmətdə olduğum zaman dilimə tez tez Paster sözü gəlirdi, bu söz haqqında heç bir məlumatım yox idi. Çox işlətməyə başladım bu sözü. Ondan sonra elə Paster ləqəbini götürməyə qərar verdim.
- Nə vaxtdan bu sənətlə məşğulsunuz? İlk trekiniz və səhnə təcrübəniz haqqındakı təəssüratınızmaraqlıdır...
- 6 ildir məşğulam. İlk trek və səhnə haqda təəssürat odur ki, biz bura ən dibdən qalxmışıq.

- Azərbaycanda repə maraq varmı və bəyəndiyiniz repçilər kimlərdir?
- Azərbaycanda repə maraq böyükdür. Bu sənəti uğurla təmsil edənlər də var. Onlara hörmət edirəm.
- "Axtar" trekiniz gənclər arasında tez zamanda məşhurlaşdı. Trekin musiqisi də sizə aiddir?
- Trekin "minus"u əcnəbi "beatmakerdən" pulla alınıb. Sözlər mənə aiddir. Mix "mastering X.R.B records" Valeh Dayanovdur.
- Həmin trekə klipdə çəkmisiniz. Klipin rejissoru kimdir və niyə məhz bu trekə klip çəkdirmisiniz?
- Kameraman Rəşad Hüseyn olub, prodüsser, ideya və rejissorluğunu Kamil Oda edib. Bu trekə klip çəkməkdə məqsəd Azərbaycan xanımlarının eyni görünüşlü olmasına bir balaca əks getmək idi. Əvvəlcə keçəl bir xanımı çəkmək fikirində idim, heyif ki, uzun çəkən axtarışlarımız nəticə vermədi. Ona görə qısa saçlı bir xanımı - Dilarə Ramazanovanı çəkdik.

- Klipə çəkilən ümumi xərc nə qədərdir? Öz büdcənizlə çəkmisiniz, yoxsa sponsorluq edən olub?
- Məkan, avadanlıq problemimiz olmadığı üçün klipə çüzi miqdarda pul xərcləməli olmuşuq. Təxminən 600 AZN. Sponsur "Old tailor" mağazası idi.
- Ümumiyyətlə sizi ən çox tanıdan hansı trekiniz olub?
- "Küçələr bizimdir" treki ilə proqres başlayıb. Açığı bilmirəm hansı trek məni çox tanıdıb, çünki mən hər trekdə eyni şeyi edirəm. Mənim treklərim heç nə haqqında deyil, eyni zamanda hər şey haqqındadır.
- Klipə reaksiyalar necə oldu? Tənqidlər oldumu?
- Kompleksli bir cəmiyyətdə yaşadığımızı nəzərə alsaq, klipə reaksiya pis deyil. Tənqid edənləri ara-sıra şərhlərdə görmək olur, amma bu məni qətiyyən narahat etmir. Çünki biz sənətimizi günü-gündən inkişaf etdirdiyimizin fərqindəyik.

- "Twitter" hesabınızda Azərbaycan repindən uzaqlaşcağınızı yazmışdınız. Bu doğrudurmu və səbəbləri nədir?
- Bəli, Azərbaycan rep kütləsindən tamamilə uzağlaşacağam. Mən "underground rap" üçün çox çalışmışam, hazırda da çalışmaqdayam. Sadəcə insanlar yenilikdən çox qorxur, bu da onların kompleksli olmaqlarından irəli gəlir. Bu psixoloji bir məsələdir, bu haqqda saatlarla danışmaq olar.
- Repdən başqa məşğul olduğunuz ayrı peşə var?
- Digər peşəm səs rejissorluğudur. Hazırda televiziya kanalların birində səs rejissoru kimi çalışıram. Hansı işdə işləməyimdən aslı olmayaraq, rep daha ön plandadır.
- Yaxın gələcəkdə sevənləriniz üçün hansı planlarınız var?
- Planlar var, albom konsert, maraqlı, yeni tərzdə layihələr və s. Musiqi həyatımızda böyük rol oynayır. İnsanların gündəlik həyatına az da olsa, təsir etdiyimizin fərqindəyik. Çalışacağıq ki, hər layihəmizdə dinləyiciyə daha zövqlü "sound" və mesaj ötürə bilək.
Lalə Niftaliyeva
Foto: Sultana Əhmədbəyli
Qaynarinfo.Az

