İdman 13:46 09.03.2023

Millimizin sabiq futzalçısı: “8-9 braziliyalı legioner Polşadan 7 qol buraxırsa…”

Futzal üzrə millimiz DÇ-2024-ün əsas mərhələsinin son matçında Polşa ilə qarşılaşdı. Hər kəs Bakıda məğlubiyyətə uğratdığımız polşalıları yenə də məyus edəcəyini gözlədiyi məqamda Joze Alesionun komandası rəqibinə 2:7 hesabı ilə yenildi. Baxmayaraq ki, hələ yunanlarla oyunda növbəti mərhələyə vəsiqəni təmin etmişdik.

Futzal millimizin sabiq üzvü Rəcəb Fərəczadə Qaynarinfo-ya açıqlamasında son matçı dəyərləndirib.

"Həmişəki kimi qələbə gözləyirdik. Polşa çox aqressiv oynadı. Demək olar, əllərinə düşən imkanların hamısından istifadə etdilər. Çox məyus olduq. Belə hesab alınmamalı idi. Ev-səfər amili var, istər-istəməz bunun da təsiri olur. Azarkeş dəstəyi çox idi. Doğma meydançanın hər qarışını tanıyırsan. Mən bunu özümdən bilirəm. Komandamızı da yaxşı analiz etmişdilər. Səliqəli oynadılar, heç bizə şans da vermədilər ki, qapıçılarını dəyişəndə qol vəziyyətlərimiz yaransın. Baş məşqçinin hansı səhvlərə yol verdiyini deyə bilmərəm. Çünki hər kəsin futbola öz baxışı var. Ən azı hörmətsizlik olar. Onun savadı, futbol biliyi dəfələrlə bizdən çoxdur. Futzalçıların özündən də çox şey asılıdır. Ola bilsin oyunçu seçimində yanılmışdı. Çünki yaradıcı, oyunu üzərinə götürəcək, birə-bir vəziyyətlərdə nəsə edə biləcək futbolçu görə bilmədim. Standart oyun idi. Nəyisə dəyişmək lazımdır”.

Veteran futzalçı ilk növbədə yerli oyunçuların yetişdirilməsinə diqqət yetirilməli olduğunu dedi:
 


"İlk növbədə yerli oyunçuların sayı artırılmalı, gəncləşdirmə aparılmalıdır. Məncə, bizə hazırda nəticə də lazım deyil. Polşa millisinə baxırdım, legioner olmadan bizim 8 nəfər braziliyalıya qarşı oynayırdı. Hərdənbir İsa ilə Xətaini meydana buraxırdı. Bizdə də futbol var. 90-cı illərdən bəri Azərbaycanda da futzal oynaya bilənlər var. Uşaqları hansısa yollarla cəlb etmək lazımdır. Axın olmalıdır ki, futzalı sevsinlər. Əfsuslar olsun, bizdə valideynlər uşaqları böyük futbola yönləndirir. Pullu idman növü olduğuna görədir. Elə uşaqlar var, futzal üçün yaranıb və daha çox xeyir verə bilərlər. Bizdə 20 yaşına qədər oynayırlar, zədə alandan sonra futzala gəlirlər. Belədə artıq gec olur. Çünki futzal başqa idman növüdür. Meydaçasından tutmuş topa kimi hər şey tam fərqlidir. Futzalın öz bazası var. Akademiyalar fəaliyyət göstərməlidir. 
Xatırlayıram, 22-23 yaşlarında Rusiya klubunda oynayırdım. Yekaterinburqa təlim-məşq toplanışına getmişdik. Onların "Viz Sinara” adlı klubu vardı. Biz məşqə girməzdən əvvəl gördük ki, azyaşlı uşaqlar meydançada məşq edir. Soruşduq ki, bunlar məktəblilərdir? Dedilər, komandanın futzal üzrə hər yaş qrupu var. 7-15 yaşlarından ibarət futzal qrupları idi. Hər qrupda da 40-50 uşaq vardı. 500 nəfərin içindən 3 normal futzalçı çıxırsa, yaxşıdır. "Viz Sinara” həmişə çempionluq uğrunda mübarizə aparır, Çempionlar Lqiasında oynayır. Uşaq futzalına vaxt və pul ayırmaq lazımdır”.

Alesio uzun illərdir Azərbaycanda olsa da, yerli futzalçıların yetişdirilməsinə ciddi maraq göstərmir. Düşünmək olarmı, o, futzalımıza hörmət etmir?

"Hörmət etmir, deməzdim. Sadəcə, inanmır. Hətta mən oynadığım dönəmlərdən belədir. Bu inamsızlığın nədən irəli gəldiyini bilmirəm. Əzəldən belə olub. Hər şeyi onun üstünə atmaq istəmirəm. Bəlkə yerlilərin oyunu onun xoşuna gəlmir. Belədirsə, daha güclü legionerlər gətirsin. Onun gətirdiyi legioner məndən çox da güclü deyilsə, özüm oynayaram da”.

Fərəczadə hazırda millidə olan legionerləri bəyənmədiyini dedi:

"Açığı, indiki legionerləri bəyənmirəm. 2010-cu ildə millimizdə 4 legioner vardı. Vallah, onların dördü də indiki 10 legionerə dəyərdi. Həmin futzalçılar Serjao, Biro Jade, Tyaqo və Felipe idi. Onlar bizdən 2-3 baş güclü idi. Onların yanında oynayırdıq, püxtələşirdik, öyrənirdik. Həm də oyunlarına rəng qatırdıq. 8-9 braziliyalı legioner Polşadan 7 qol buraxırsa, onların millidə olmasının mənası yoxdur. Düzdür, bir-iki legioner istisnadır, onlar pis deyil. Ancaq Xətai və İsanı da oynatsın. Fineo ümumiyyətlə lazım deyil. Çünki nə etdiyini heç özü də bilmir. Məşqçiyə hörmət edirəm. Amma buna əncam çəkməlidir. Azarkeşlər, Zaur müəllim (Futzal Federasiyasının prezidenti Zaur Axundov-red.) ona güvənir. Hər dediyini yerinə yetirirlər ki, milli fayda görsün. Zaur müəllim həmişə futzalla yaşayır. Məşqçi səbəb göstərməlidir”.

Səbuhi Həsənov