Xəbər lenti

Milyarderin həyat yoldaşına nə oldu? - 4 ildir açılmayan cinayət (TƏFƏRRÜAT)
Dünya10:48 12.06.2022

Milyarderin həyat yoldaşına nə oldu? - 4 ildir açılmayan cinayət (TƏFƏRRÜAT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Norveçin ən zəngin iş adamlarından biri olan Tom Hagenin həyat yoldaşı Anne-Elizabet Falkevik Hagen 2018-ci ilin oktyabrında yoxa çıxıb. Əvvəlcə adam oğurluğu olduğu düşünülən hadisə, sonradan ortaya çıxan təfərrüatlarla tamam başqa bir səmtə yönəlib. Nəhayət, keçən həftə Norveç mətbuatının yaydığı təfərrüatlar şok effekti yaradıb...
Anne-Elizabet Falkevik Hagen 2018-ci ilin bir çərşənbə günü qəflətən yoxa çıxıb. Həmin gün təqvimlər 31 oktyabr 2018-ci ili göstərirdi. Anne-Elizabeti sonuncu dəfə Norveçin paytaxtı Oslodan bir qədər kənarda, Lorenskoq rayonundakı evində görüblər.
"Kapital" jurnalının 2018-ci il məlumatlarına görə, 68 yaşlı Anne-Elizabet Norveçin 172-ci ən zəngin adamı olan Tom Hagenin həyat yoldaşı olub. Anne-Elizabet və Tom hələ 19 yaşında olanda evləniblər. Onlar üç övladı ilə çoxlarının həsəd aparacağı bir həyat yaşayırdılar. Aralarındakı harmoniya da mükəmməl idi. Tom ümumiyyətlə introvert insan idi. Mətbuata müsahibə verməyi, sərvətindən danışmağı sevmirdi. Anne-Elizabet isə çox daha mehriban və ekstravert qadın təsiri bağışlayırdı. Bu sayədə cütlük olaraq girdikləri istənilən mühitə asanlıqla uyğunlaşa bilirdilər.
Ən zəngin insanlar siyahısında olan Tom Hagen hazırda Norveçşin 164-cü varlı adamıdır. Təxminən 1,9 milyard Norveç kronu (190 milyon dollar) sərvəti olan Hagen, 1992-ci iləd fəaliyyətə başlayan "Elkraft"ın qurucusu və sahibidir. Daşınmaz əmlaka böyük sərmayə qoyan iş adamı Norveçin ən məşhur xizək kurortlarından birinin səhmdarıdır. Hagen həmçinin "Financial Funds" adlı investisiya firmasının sahibidir. Anne-Elizabet Hagen şirkətlərin idarə heyətinin üzvü idi.
Bu qədər var-dövlətlərinə baxmayaraq, Hagen ailəsi Norveçdə geniş yayılan malikanədə və ya yüksək təhlükəsizlikli villada yaşamırdı. Onlar öz evlərinə bənzər bir neçə başqa evin olduğu dalana dirənmiş bir yerdə yaşayırdılar. Hagenlər hətta Tomun "Elkraft"ı qurub varlandığı dövrə qədər də bu evdə yaşayıbş. Evin içində və çöldə heç bir təhlükəsizlik kamerası yox idi. İçəri girmək istəyən hər kəs ön qapıdan rahatlıqla daxil ola bilərdi.
31 oktyabrda nə oldu?
Anne-Elizabet yoxa çıxmazdan bir gün əvvəl Hagenlər dostları ilə birlikdə "The Book of Mormon" müzikalını görmək üçün Osloya getmişdi. Şou saat 22:30 radələrində başa çatır və cütlük evə qayıdır.
Ertəsi gün səhər yenə çox adi bir gün başlayır. Tom Rastadakı işinə getmək üçün saat 9-da evdən çıxır. Yoldakı vəziyyətdən asılı olaraq evdən şirkətə 10-15 dəqiqəlik yol gedirdi. Anne-Elizabet həmin gün evdə qalır. O, yeni sahibləndiyini iti evə alışdırmaq istəyirdi. Səhər saat 9.14-də Anne-Elizabet qohumunu çağırır. Şirkətin təhlükəsizlik kameralarından çəkilən görüntülərə görə Tom eyni vaxtda işə gəlib.
Tom saat 13:30 radələrində evə qayıdanda arvadının orada olmadığını başa düşür. Anne-Elizabetin bəzi əşyaları stula yığılmış vəziyyətdə olur. Nəyinsə səhv olduğunu anlayan Tom evin ətrafında gəzir, orada sürtünmə izləri və qan ləkələri olduğunu görür. İti də hamam otağına bağlanmış vəziyyətdə tapır.
Tom çarpayıda qalan məktubunu görəndə çaş-baş qalır. Kompüterdə yazılmış və səhvlərlə dolu məktubda Tomdan 10 milyon dollara yaxın pul tələb edilərək, "Səni izləyirik. Əgər polisə getsən, arvadını öldürəcəyik, ölüm videosunu internetdə paylaşacağıq" yazılır. Onllar pulun izlənilməsi mümkün olmayan "Monero" adlı kriptovalyuta ilə ödənilməsini tələb edirdilər.
Məlumata görə, Tom arvadının qaçırılmasının ondan pul qoparmağa çalışanların hiyləsi ola biləcəyini düşünürdü. Belə ki, məktubdakı xəbərdarlığa baxmayaraq, evə çatdıqdan təxminən yarım saat sonra polisə zəng edir.
Tomla bir yanacaqdoldurma məntəqəsində görüşən polislər, Anne-Elizabetin sağ olduğuna dair heç bir sübut olmadığı üçün "Pulu vermə və sakitcə gözlə” deyə məsləhət görüblər. Anne-Elizabetin yoxa çıxmasından sonra ilk 10 həftə ərzində adam oğurluğu ilə bağlı araşdırma davam edir. Sonrakı hadisələr isə film ssenarisinə bənzəyir...
Məxfi araşdırma nəticəsiz qaldı
10-cu həftənin sonunda istintaqda irəliləyiş əldə edə bilməyən polis Anne-Elizabetin itkin düşdüyünü elan etməli və ictimai yardım istəməli olur. İşə cavabdeh olan detektiv Tommy Broske 2019-cu ilin yanvarında jurnalistlərə "pul tələbi və ciddi təhdidlər var" deyir və əlavə edirdi: "Bizim əsas fikrimiz budur ki, qurban evindən naməlum şəxslər tərəfindən qaçırılıb. Onun sağ olduğuna dair əlimizdə heç bir sübut yoxdur, lakin onun sağ olmadığına dair də heç bir əlamət tapmamışıq".
Anne-Elizabeti qaçıranlar qadının sağ olduğuna dair heç bir sübut göstərməsələr də, "Əgər ən qısa zamanda pul ödəməsən, öldürəcəyik” deyərək təhdidlərin dozasını günü-gündən artırırdılar.
Yeri gəlmişkən, Norveç mətbuatı Anne-Elizabetin qaçırılması xəbərini 2018-ci ilin noyabr ayının əvvəlində almışdı. Lakin Norveç polisi və "İnterpol" agentləri tərəfindən birgə aparılan araşdırmaya təsir etməmək üçün məxfilik qaydasına əməl edilmişdi.
Lakin 2,5 aylıq araşdırmalara baxmayaraq, polisin əlində çox dəlil-sübut yox idi. Evə zorla daxil olmaq əlaməti yox idi. Anne-Elizabetin özünü qorumaq üçün sığındığı düşünülən vanna otağından çoxlu məhkəmə-tibbi sübutlar toplanmışdı, lakin heç bir faydası olmadı.
33 dəqiqəlik kabus
İstintaqa məlum olanlar kifayət qədər məhdud idi...
Anne-Elizabetin qohumu ilə telefon danışığı və Tomun evə gəlməsi arasındakı 4 saat 15 dəqiqə ərzində onun qaçırıldığı dəqiqləşmişdi.
Əldə olan başqa bir detal elektrikçi Tommi Skansenin ifadəsi idi. Ann-Elizabet bir gün əvvəl Skanseni mətbəxdəki bəzi lampaları düzəltmək üçün evə çağırmışdı. Həmin səhər evə gəlmək istəyən Skansen səhər saat 9:48-də Anne-Elizabetə zəng edir, lakin cavab almır. Polisin fikrincə, əvvəl qadının başına nə gəlibsə, 9.15-9.48 arası həmin 33 dəqiqə ərzində baş verib.
Bununla belə, ortada bir şübhəli şəxs yox idi. Tomun şirkətlərindən biri olan "Financial Funds"a iş gördüyü bəzi rus şirkətləri tərəfindən 4 milyon dollardan çox ziyan dəyib və məsələ məhkəməyə qədər gedib çıxıb. Lakin polis bu işlə Anne-Elizabetin qaçırılması arasında əlaqə qura bilməyib.
Yerli mətbuatın manşetlərində geniş yer alan xəbərdə polislərlə Anne-Elizabeti qaçıran şəxslər arasında "məhdud onlayn əlaqə" olduğu  qeyd edilir.
Polis vətəndaşlardan kömək istədi, yeni şübhəlilər ortaya çıxdı
Bütün bu səbəblərə görə polis son çarə olaraq mətbuatdan kömək istəməyə qərar verir. Anne-Elizabetin yerini bilən və ya əlində ən kiçik bir ipucu olan hər kəsdən dəstək istənilirdi. Polisin bu çağırışından sonra tezliklə 100-dən çox ipucu gəlir.
Digər tərəfdən, Tomun iş yerinin yerləşdiyi Futurum binasındakı təhlükəsizlik kameraları tərəfindən çəkilən görüntülər də ictimaiyyətlə paylaşılır. Kadrlarda görünürdü ki, səhər saat 7.36-da bir şəxs bir istiqamətə gedir, qısa müddət sonra geri dönür. 24 dəqiqə sonra bu dəfə binanın yanından velosipedçi keçir. Polis bu şəxslərin kəşfiyyat aparmaq ehtimalını nəzərdən keçirirdi.
Digər maraqlı məqam isə Hagen cütlüyünün yaşadığı evin "cinayət bölgəsi" elan edilməsi və ətrafının sarı lentlərlə əhatə olunması olur. Evin içərisində Anne-Elizabeti bağlamaq üçün istifadə edildiyi güman edilən kabel tapılır. Oktyabr ayında ilkin araşdırma zamanı bu kabelin tapılmaması bir az qəribə idi.
Axtarışların əhatə dairəsi həmçinin evin arxasındakı meşəlik əraziyə və göl sahilinə qədər genişləndirilib. Həsas burunlu itlərin köməyi ilə polis ayaqqabı izi aşkar edib.
Digər tərəfdən polisin şübhəli siyahısı da böyüyürdü. Hagenlərin qonşularından biri ifadəsində gümüşü rəngli bir avtomobildən bəhs edir. Sözügedən avtomobil Ann-Elizabetin yoxa çıxdığı gün səhər evin qarşısında görünür və hətta qəribə dönüş edərək ön bağçadakı çəmənliyi də əzmişdi.
Başqa bir şahid də deyib ki, göldə balıq tutan iki nəfərin Hagenlərin evinə tərəf baxdığını görüb.
Bir sözlə, 10 həftədir durğunluq yaşayan istintaqda birdən-birə yeni yollar açılır.
Anne-Elizabet Hagenin yoxa çıxması Norveçdə daha geniş müzakirələrin başlamasına səbəb olur. Onlardan biri kriptovalyutaların qeyri-qanuni fəaliyyətlərə şərait yaratması idi. Mütəxəssislər, ümumiyyətlə, dövlətlərin kripto pullar dövrünə uyğunlaşmaqda gecikdiyini, bazarların tənzimlənməli və ya hətta qadağan edilməli olduğunu, hüquq-mühafizə orqanlarının bu valyutaların istifadəsi ilə bağlı araşdırmalara resurslar ayırmalı olduğunu iddia edirdilər. Digər mühüm müzakirə Norveçdə vergi şəffaflığı ilə bağlı idi. Məlum olduğu kimi, Norveç cəmiyyətinin ən mühüm dəyərlərindən biri olan bərabərlik şəraitində bütün vətəndaşların bir il ərzində ödədiyi vergilərin məbləği ictimaiyyətə açıqlanmalıdır. Anne-Elizabetin yoxa çıxması, bu təcrübənin varlıları bu cür hücumların hədəfinə çevirməsi ilə bağlı müzakirələri qızışdırdı.
Polis fikrini dəyişdi, oxlar Tom Hagenə yönəldi
2019-cu ilin iyun ayında gözlənilməz bir hadisə baş verdi. Şərqi Norveç Polis Departamentindən verilən açıqlamada, polisin Anne-Elizabetin hələ də sağ olduğuna artıq inanmadığı, pul tələbinin və qaçırılma hadisəsinin bir oyun olduğu ifadə bildirildi. Bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib:
"İşin ilkin baxışından bizim əsas nəzəriyyəmiz o idi ki, Anne-Elizabet Hageni pul almaq istəyən birisi oğurlayıb. Lakin 2019-cu ilin iyun ayına kimi biz Anne-Elizabetin öldürüldüyünə inanmağa başladıq. Hazırda bir qaçırılma olayının olduğuna da, pul tələb edilməsinə də inanmırıq. Bir sözlə, polisi yanlış yönləndirməyi hədəfləmiş və yaxşı planlanmış bir oyundan söhbət gedir".
Polisin bu açıqlamasından qısa müddət sonra Tom Hagenin vəkili Svein Holdenə elektron məktub göndərilib. Üslub və qrammatik səhvlər bu mətnin də pul tələb edilən məktubu yazan şəxs tərəfindən yazıldığını göstərirdi. "Əgər Anne-Elizabetin sağ olduğuna dair sübut görmək istəyirsinizsə, ödənişi edin", deyə məktubda bildirilir.
Tom bu tələbi qəbul edir və ona verilən ünvana 1 milyon dollardan çox kriptovalyuta köçürür. Lakin vəd boş çıxır və Anne-Elizabetin sağ olduğuna dair heç bir sübut göndərilmir. Onsuz da polis hər hansı sübutun göndəriləcəyinə heç bir şəkildə inanmırdı.
Əslində, hüquq-mühafizə orqanlarına görə, Tom, Anne-Elizabetin başına gələnləri çox yaxşı bilirdi. Səssiz-sədasız bir ittiham aktı hazırlanır və Tom arvadının ölümündə bir nömrəli şübhəli elan edilir. Üstəlik, 2020-ci ilin aprel ayının bir səhəri işə gedərkən adam öldürmə və adam öldürməyə köməklik etmə ittihamı ilə saxlanılıer.
Tom Hagenin dostu Tom Nilsen həmin günlərdə Norveç milli televiziyası olan TV2-yə açıqlamasında "Şokdayam" deyir və əlavə edirdi: "Ən çılğın fantaziyalarımda belə, bu işin bu istiqamətdə gedəcəyini heç düşünmədim".
Osloda yenidən kameralar qarşısına çıxan detektiv Tommi Brosk, polisin Tomun arvadını öldürdüyünə və ya öldürtdüyünə inandığını vurğulayıb. Ortada hələ də cəsədin olmadığını əlavə edən Brosk, cütlüyün yaşadığı evin ətrafında və yaxınlıqdakı göldə axtarışlara başlanıldığını bildirib.
"Bu işin müəyyənedici elementi açıq şəkildə planlaşdırılmış bir aldatmadır. Digər fərziyyələr zəifləyib və Tom Hagenlə bağlı şübhələr gündən-günə güclənir", deyə detektiv bildirib.
İşin prokuroru Aase Kyustad Eriksson da Tomun dinləmələrdən əvvəl dörd həftə həbsdə qalacağını bildirərək, "Hagenin bu işi əvvəlcədən planlaşdırdığına dair izlərin olduğunu" deyib, amma başqa şəxslərin də saxlanılmasını inkar etməyib.
Həmin günlərdə kimliyi açıqlanmayan 30 yaşlı bir nəfər də saxlanılıb. Norveç mətbuatında bu şəxsin kriptovalyuta mütəxəssisi olduğu və iki gün ərzində sərbəst buraxıldığı barədə məlumatlar dərc olunub.
Tommi Brosk
Arvadını sərvəti bölməmək üçün öldürüb?
Bu arada Tom israrla arvadının yoxa çıxmasında əlinin olması barədə iddiaları təkzib edir. Saxlanıldıqdan sonra müvəkkili adından açıqlama verən vəkil Svein Holden "Bu mövzuda cənab Hagen onunla heç bir əlaqəsi olmayan ittihamları şiddətlə rədd edir" deyib. Doğrusu polisin əlindəki dəlillər də kifayət qədər güclü deyildi. Tomun evində, avtomobilində və iş yerində aparılan axtarışlar heç bir nəticə verməmişdi.
Heç bir qətl silahı və ya cəsədi tapılmadığı kimi, Tomun Anne-Elizabeti öldürməsi üçün heç bir səbəb tapılmırdı. Bu kimi qətllərdə önə çıxan bir nömrəli cinayət səbəbi olan "pul amili" burda da ağıla gəlir. Tom arvadından boşanmaq istəyib, amma sərvəti bölüşdürmək istəmədiyi üçün qətli seçə bilərdimi?
Ancaq bu ehtimalın altı boş çıxır. Çünki, Tom və Anne-Elizabet 1993-cü ildə əmlak bölgüsü müqaviləsi imzalamışdılar. Həmin anlaşmaya əsasən, boşanma halında Anne-Elizabet evdəki mebellərdən, bir avtomobildən və valideynlərindən miras qalan torpaq sahəsindən başqa heç nə ala bilməyəcəkdi.
Bu sübutların fonunda Norveç Ali Məhkəməsi Tomun həbsinin davam etdirilməsi üçün heç bir səbəb olmadığına qərar verir. Hökmdən sonra verdiyi açıqlamada vəkil Holden bildirib ki, məhkəmənin üç hakimindən ikisi "müvəkkilimdən şübhələnmək üçün ağlabatan səbəb olmadığına qərar verib”. Polis nəzarətə götürüldükdən 11 gün sonra sərbəst buraxılan Tom üçün yenidən həbs qərarı çıxarmaq istəsə də, nəticə əldə edə bilmir.
Qatili kriptovalyuta ələ verəcək?
Gələk günümüzə... Haqqında irəli sürülən ittihamlar hələ qüvvədə olsa da, Tom Hagen indi azadlıqdadır. Lakin ötən həftə polis nəzarətinə alınan 30 yaşlı şəxslə bağlı çox maraqlı bir detal üzə çıxıb. Ole Henrik Qolf adlı bu şəxsin əslində mövcud olmadığı, "Ole Henrik Qolf"un şəxsiyyət məlumatlarının bir neçə il əvvəl "qaranlıq internet"də fəaliyyət göstərən "CardPass" adlı sayt vasitəsilə satıldığı məlum olub.
Norveç polisi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, bu şəxsiyyət paketi 2016-cı ildə onlayn narkotik almaq istəyən 20 yaşlarında başqa bir şəxsə satılıb. Adı açıqlanmayan şəxs Norveçin E24 telekanalına müsahibəsində saxta şəxsiyyət vəsiqələrinin alqı-satqısına nəzarət etmək üçün polislə əməkdaşlıq etdiyini bildirib.
E24-ün xəbərində sözügedən şəxsin adı açıqlanmayıb, əvəzinə "ilk saxta Qolf” ifadəsi işlədilib. İlk saxta Qolf, şəxsiyyət paketini 2016-cı ildə aldığını və daha sonra onu qanunsuz şəxsiyyətləri dəyişdirən "qaranlıq internet" saytında satdığını söylədi.
İndi bu şəxsiyyət paketinin ikinci alıcısının Anne-Elizabetin ölümünə görə məsuliyyət daşıdığı ehtimal edilir. "İkinci saxta Qolf" adlanan bu oyunun [email protected] ünvanından istifadə edərək bir sıra kriptovalyuta hesabları açdığı deyilir. Ən əsası, bu e-poçt ünvanının Tom Hagenlə əlaqəli olduğuna dair sübutlar tapılıb. Lakin polis Anne-Elizabeti və ya onun cəsədini tapmazdan əvvəl, ilk növbədə Qolfun şəxsiyyət vəsiqəsini ikinci alıcıya satan şəxsi tapmalıdır.
Məktubdakı izlər
Anne-Elizabeti qaçırıldığı iddia edilən şəxslərdən bir daha məktub gəlməyib, amma polis evdə tapılan ilk məktubu araşdırıb, məktubun çap olunduğu kağız və zərfin satıldığı yer kimi kritik detallar tapıb.
E24-ün xəbərinə görə, məktub "Windows" əməliyyat sistemindən istifadə edən kompüterdə və "WordPad" proqramında standart şrift və ölçülərdə yazılıb. Məktubun çap olunduğu "Clas Ohlson" markalı kağız Portuqaliyada istehsal edilib. Bununla belə, Norveçdə dəftərxana ləvazimatları mağazalarında bu markanın satışı olduqca yayğındır. Məktubun çapında istifadə olunan printer də "Hewlett Packard" şirkətinə məxsus olub. HP302 və ya HP304 model katricdən istifadə edilib. Məktubun olduğu zərf "Clas Ohlson" üçün "Mayert Kuvert" kağızı ilə hazırlanıb. Lakin zərfin möhürlənmiş hissəsində heç bir tüpürcək izi tapılmadığından, ipuçları bu anda tükənir.
Polis əvvəlcə mətndəki səhvlərə əsaslanaraq məktubu yazan şəxsin Norveç dilini öyrənmiş əcnəbi olduğunu düşünüb. Lakin E24-ün son xəbərlərində bu baxışın da dəyişdiyi bildirilib. Məlumata görə, hazırkı nəzəriyyə məktubu yazan şəxsin ana dilinin Norveç dili olmasıdır. Müəllifin kimliyini gizlətmək üçün mətndə bilərəkdən səhvlərə yol verdiyi də vurğulanır.
Polisin diqqət mərkəzində olan başqa bir məsələ də "Ole Henrik Qolf" ID-nin satıldığı "CardPass" saytıdır. Sayt hazırda fəaliyyət göstərmir və ya başqa ad altında fəaliyyət göstərir. Polis saytı idarə edən insanları qorxutmamaq və onların daha da yeraltına enməsinin qarşısını almaq üçün çox diqqətli davranır. Verilən açıqlamalarda ikinci saxta Qolfa şəxsiyyət məlumatını satan şəxsin tutulmayacağı vurğulanır. Polisin həqiqətən də tapmaq istədiyi bu şəxsin biometrik məlumatlarıdır. Çünki alıcının alış-veriş zamanı saxta addan istifadə etdiyi dəqiq hesab edilir.
Son aylarda ortaya çıxan digər bir detal isə Anne-Elizabeti qaçıranların polislə əlaqə saxlamaq üçün kriptovalyuta ticarət saytının söhbət funksiyasından istifadə etməsi və polisə şifrəli mesajlar göndərməsidir. Həmçinin, pul tələbi məktubunda mətn sənədlərinin gizli şəkildə ötürülməsi üçün istifadə edilən pasted.co adlı başqa sayta keçidin olduğu və sənədlərə daxil olmaq üçün "Anne” parolunun daxil edilməsinin zəruri olduğu bildirilib. Anne-Elizabeti qaçıran şəxslərin pulun izini itirmək üçün az tanınan kriptovalyuta "Dash"dan istifadə etdikləri də anlaşılıb. Polis hələ də bütün bu alış-verişin və Anne-Elizabetin ölümünün arxasında Tom Hagenin olduğuna inanır.
Polis yenidən ictimaiyyətdən kömək istədi
Digər tərəfdən, təhlükəsizlik gücləri bir daha vətəndaşlardan dəstək istəyib. Lorenskoq prokuroru Qermund Hanssen, E24-ə açıqlamasında "bacarıqlı" birini axtardıqlarını deyərək, "2018-ci ildə Anne-Elizabet Hagenə bunları edəcək bir bacarığa və istəyə sahib olan şəxsi tapmaq istəyirik" deyib.
Məktubda Toma addım-addım əmrlər verildiyi və onun hər yeni əmr üçün kriptovalyuta ödəməsi gözlənildiyi və Tomun da bu ödənişləri etdiyi açıqlanıb. Digər tərəfdən, Tomun topdan ödəniş edə biləcəyi bir kripto ünvanı da var idi. Lakin norveçli iş adamı kifayət qədər vəsaitə malik olsa da, ödənişi bir anda həyata keçirməyib. Əvəzində polisin dəstəyi ilə 1,45 milyon dollar dəyərində kriptovalyuta köçürməsi baş tutub. Bundan sonra rabitə tamamilə kəsilib.
Polis indi ictimaiyyətin dəstəyi ilə ünsiyyət kanallarını yenidən açmağa, "Anne-Elizabet Hagenə nə oldu" sualının cavabını və Tom Hagenin prosesdəki rolunu aydınlaşdırmağa ümid edir...
Mənbə: "Hürriyət"
Tərcümə: Aydın