"Baş verən təbii fəlakət Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına yeni impuls qazandırıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfəri və burada həmkarı Mövlud Çavuşoğlu ilə apardığı danışıqları şərh edərkən deyib:
"44 günlük Vətən müharibəsindən sonra qardaş Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində qarşılıqlı addımlar atılırdı. Bu istiqamətdə xarici işlər nazirləri və iki ölkənin xüsusi nümayəndələri arasında bir neçə görüş də olub. Türkiyə Ermənistan rəhbərliyini Antalya Diplomatik Forumuna dəvət edib. Bu normallaşma prosesi Azərbaycanla Ermənsitan arasındakı münasibətlər sisteminə köklənib, onunla paralel şəkildə aparılır. Zəlzələ isə münasibətlərin normallaşmasına yeni impuls qazandırıb.
Təbii fəlakətlər adətən bir tərəfdən insanları, dövlətləri bir araya gətirdiyi kimi, problemli münasibətlər olan ölkələr arasında normallaşma yolunda bir fürsət kimi xarakterizə edilir. 30 il aradan sonra ilk dəfə Türkiyə-Ermənistan sərhədi açıldı. Ardınca Ermənistan xarici işlər naziri Türkiyəyə səfər etdi. Bu mənada baş verən hadisə fonunda reallaşan sözügedən səfər iki ölkənin siyasi, ictimai mənada münasibətlərində müsbət impulsun əldə edilməsi üçün fürsət kimi xarakterizə edilə bilər. Bu da Ankara İrəvan münasibətlərinin normallaşmasını sürətləndirə bilər. Zatən, Ankara Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəyir. Amma bütün hallarda bu məsələ İrəvanın prosesdə nə qədər səmimi və xoşməramlı davranması ilə bilavasitə bağlıdır”.
Rüfət Sultan