ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama Donald Trampın inauqurasiyasında iştirak etməyəcək, beləliklə, bütün keçmiş prezidentlərin və onların həyat yoldaşlarının tədbirə qatılması ənənəsini pozacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” qəzetinə Obamanın ofisi
bildirib.
"Keçmiş prezident Barak Obamanın 60-cı inauqurasiya mərasimində iştirak edəcəyini təsdiqləyirik. Keçmiş birinci xanım Mişel Obama isə növbəti inauqurasiyada iştirak etməyəcək”, – deyə ofisin bəyanatında bildirilib.
Məqalədə qeyd olunur ki, mərasimdə iştirakdan imtina etmək barədə qərar inauqurasiyanın keçmiş prezidentlər və onların həyat yoldaşları tərəfindən iştirakla müşahidə olunan ənənəsini pozur. Məsələn, eks-prezident Corc Buş və Laura Buş, həmçinin Bill və Hilari Klinton Trampın andiçmə mərasimində iştirak edəcəklər.
Yazıda o da vurğulanır ki, Mişel Obama keçmiş prezident Cimmi Karter üçün ötən həftə təşkil edilən anım mərasimində də iştirak etməyib və Havay adalarında qalıb.
Seçilmiş prezident Donald Trampın andiçmə mərasimi 20 yanvar tarixində keçiriləcək.
Bundan əvvəl məlum olub ki, dünyanın ən zəngin üç şəxsindən olan İlon Mask, Cef Bezos və Mark Zukerberq də Trampın andiçmə mərasimində iştirak edəcək.
Alpər
Şərhlər