Xəbər lenti

Dünya 13:16 19.09.2025

"Moskva Ankara-İrəvan yaxınlaşmasından narahatdır" - Ekspert

"Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması Moskvanı narahat edir. Daha doğrusu, Kremli narahat edən bu fonda yaranacaq yeni konfiqurasiyada özünün bölgədəki rol və yerini itirə biləcəyi təhlükəsidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın bəyanatını şərh edərkən deyib. 

Şərhçi bildirib ki, Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin yaradılması və sərhədlərin açılmasının gözlənildiyi bir durumda regionda yeni siyasi və iqtisadi şəraitin yaranacağı şübhəsizdir:

"Bu, böyük ölçüdə regionda yeni geostrateji maraqların formalaşacağı anlamına gəlir".

Politoloq regionda ənənəvi əlaqələrin yerini, xüsusən də Ermənistanda, yeni konfiqurasiyanın tutacağının mütləq olduğu qənaətindədir:

"Bu konfiqurasiyada Rusiyanın rolu və yerinin getdikcə azalacağı da bir reallıqdır ki, Moskva da bundan narahatdır. Rusiyanı indiki məqamda Ermənistan üzərindəki nəzarət mexanizmlərini, iqtisadi əlaqələrini, bu ölkənin enerji təminatı və kommunikasiya məsələsində oynadığı rolu itirməsi, hərbi bazasının taleyi narahat edir".
 


Həmsöhbətimiz qeyd edib ki, Ankara ilə İrəvan arasında əlaqələrin qurulması ilə böyük ölçüdə qeyd edilən məsələlər ətrafında yeniliklər olacaq:

"Azərbaycanın Ermənistanın enerji təminatında rol alması gündəmə gələ bilər. Ermənistanın dünyaya çıxışında Zəngəzur dəhlizi və Türkiyənin rolunun artması İrəvana rahat nəfəs almağa imkan verəcək ki, bu da Rusiyadan uzaqlaşma meyllərini daha da gücləndirəcək. Göründüyü kimi Rusiyanın maraq dairəsinə aid olan məqamlar müxtəlifdir. Bu maraqların nəzərə alınması isə əvvəlki kimi mümkün olmaya bilər".

Bununla belə, Azər Qasımov Rusiyanı ciddi şəkildə narahat edən məsələlərin olmayacağı qənaətindədir:

"Ankara və İrəvan balanslaşdırılmış siyasət yürüdəcək".

Qeyd edək ki, Türkiyə ilə Ermənistanın əlaqələri bərpa etmək cəhdi bəzi qonşu ölkələri narahat etməyə başlayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın məsələ ilə bağlı son açıqlamasından aydın sezmək olar. 

Belə ki, Zaxarova Ankara ilə İrəvan arasında razılaşmalar tərtib edilərkən qonşu ölkələrin maraqlarının nəzərə alınacağına ümid etdiklərini bəyan edib. Ardınca o, bildirib ki, buna nail olmaq üçün onsuz da çətin olan danışıqlar prosesinə regiondankənar oyunçuların destruktiv müdaxilələrini istisna etmək vacibdir. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->