Ukrayna müharibəsilə əlaqədar özü çətin durumda olan Rusiya digər ölkələri sərt tədbirlər görəcəyilə hədələməkdə davam edir.
Litvanın Avropa İttifaqının sanksiyalarına uyğun olaraq Rusiya mallarının Kalininqrad vilayəti və oradan geri tranzitinə qadağa qoyması Kremli əməlli-başlı özündən çıxarıb. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib ki, bəzi malların Kalininqrada və oradan tranziti bərpa olunmasa, Moskva Litva və Avropa İttifaqına qarşı sərt tədbirlər tətbiq edəcək.
"Əgər vəziyyət yaxın günlərdə sabitləşməsə, o zaman Rusiya Litva və Aİ-yə qarşı sərt tədbirlər görəcək. Məsələnin həlli çox uzun çəkdi", deyə Zaxarova bildirib.
Qaynarinfo-ya açıqlamasında məsələyə münasibət bildirən politoloq Əlimusa İbrahimovun fikrincə, Zaxarovanın həmin açıqlaması sadəcə blefdir:
"Rusiya Litvanın addımına qarşı hər hansı bir tədbir görə bilsəydi, atacağı addımları qabaqcadan elan edə bilərdi. Aİ-yə təzyiq üçün Moskvanın əlində indi hər hansı bir ciddi mexanizm yoxdur. Əslində Rusiyanın Aİ-yə qarşı görə biləcəyi elə bir sanksiya tədbiri qalmayıb. Rusiya sadəcə indi Avropa İttifaqı ölkələrilə sərhədlərdə atom elektrik stansiyaları tikməyə hazırlaşır. Bu barədə Rusiya daxilində danışıqlar gedir. Nüvə təhlükəsinə gəldikdə, artıq Rusiya sərhəd boyunca quraşdırdığı raketlərdə nüvə başlıqları yerləşdirib. Avropanın Rusiyadan qaz və neft alması hələ davam edir. Qərb hələ tamamilə bu prosesdən imtina etməyib. Bu mənada sərt tədbirlər deyəndə ola bilsin, Rusiya Avropaya qaz və neftin nəqlinin tamamilə dayandırmasını həyata keçirsin”.
Rüfət Sultan
Şərhlər