Xəbər lenti

Moskva NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçin qarşısını ala biləcəkmi?  - Tofiq Zülfüqarov
Siyasət05:33 21.04.2022

Moskva NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçin qarşısını ala biləcəkmi? - Tofiq Zülfüqarov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna bataqlığından çıxa bilməyən Rusiya bu azmış kimi, indi də Finlandiya və İsveçi hədələməklə məşğuldur. Bildiyimiz kimi, bu iki ölkə NATO-ya üzv olmaq niyyətlərini ortaya qoyub. Hər iki ölkədə əhalinin mütləq əksəriyyəti də gələcəklərini avroatlantik məkana inteqrasiyada görür. Həmin iki Skandinav ölkəsinin Şimali Avroatlantika alyansına qoşulması fonunda Rusiyanın bütün şimal-qərb ərazisi NATO-nun əhatəsində olacaq.Yaranmış situasiyadan təşvişə düşən Kreml öz gücünü indi də Finlandiya və İsveçə göstərmək niyyətinə düşüb.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə Finlandiya və İsveçə NATO-ya üzv olmağın nəticələri barədə xəbərdarlıq edib.
"Biz bütün xəbərdarlıqlarımızı həm açıq, həm də ikitərəfli kanallar vasitəsilə etmişik. Onların bundan xəbəri var”, - deyə Zaxarova qeyd edib.
Moskva hələ də köhnə təfəkkürlə yaşayaraq elə düşünür ki, digər ölkələr Kreml nə istəsə onu da etməlidir. Bu müstəvidə də yeri gəldi-gəlmədi Qərb alyansları ilə əlaqə qurmaq istəyən dövlətlərin hədəfə alınması son zamanlar Kremldə adət halını alıb. Maraqlıdır, NATO-ya qoşulmaq istəyən Finlandiya və İsveçi də Ukraynanın taleyi gözləyə bilərmi? Bu fonda Rusiyanın həmin iki ölkəyə də basqın etməsi mümkündürmü?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Rusiyanın İsveç və Finlandiyaya da hərbi müdaxilə edəcəyinə inanmır:
"Bir müddət öncə Azərbaycanın Finlandiyadakı köhnə tanışım olan səfirilə görüşdüm. Onunla Finlandiyanın NATO-ya üzvlük məsələsini müzakirə edərkən başa düşdüm ki, məsələ artıq həll olunub. Finlandiyanın NATO-ya üzvlüyülə bağlı iki ildən çoxdur ki, hazırlıq gedirdi. Bu da onu göstərir ki, Finlandiya ilə İsveçin NATO-ya qəbulu məsələsi, Moskva nə qədər hay-küy qoparsa da belə, artıq həll olunub. Bu iki ölkənin güclü orduya malik olduğunu da yaddan çıxarmayaq. Bu baxımdan da həmin hadisənin gerçəkləşməsi fonunda Rusiya tərəfindən hər hansı bir hərbi reaksiyanın olacağını gözləmirəm”.
Eks nazirin fikrincə, Finlandiya və İsveç məsələsi artıq həll olunub:
"Artıq burada Rusiya heç nə edə bilməz. Kreml Ukrayna kimi Finlandiya və İsveçə də hücum etməyəcək. Çünki, bu iki ölkə hərbi baxımdan da fərqlidir. Amma onun baş verməsi Rusiyanın xarici siyasətinə aid konsepsiya və baxışlarına güclü zərbə olacaq. Moskva Ukraynanın neytral statusa malik olmasını istəyir. Bu zaman nümunə kimi Finlandiyanın deyil, Avstriyanın adını çəkirdilər. Bu da onu göstərir ki, Moskva üçün Finlandiya və İsveçin NATO üzvü olacağı artıq bəllidir”.
Rüfət Sultan