Qarabağdakı qondarma rejimin dövlət "naziri” Artak Beqlaryan bəyan edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır və hazırda onların bölgədə mövcudluğu xüsusilə zəruridir. "Biz hesab edirik ki, sülhməramlı kontingent burada qeyri-müəyyən müddətə qalmalıdır, çünki münaqişə hələ həll olunmayıb” - Beqlaryan bildirib. O, qeyd edib ki, "DQR” hakimiyyəti Rusiya sülhməramlılarının regionda mövcud olmasını istəyir:”Azərbaycan beynəlxalq vasitəçilərin təklif etdiyi üç aydın prinsip üzrə danışıqlara hazır deyil. Nə zaman münaqişə həll olunarsa, o zaman Dağlıq Qarabağda Rusiya sülhməramlıların daha uzun müddətə qalması məsələsi ayrıca müzakirə edilə bilər. Hazırda sülhməramlılar təhlükəsizliyin təminatçısı kimi burada öz mövcudluqlarını saxlamalıdırlar”.
Heç kimə sirr deyil ki, Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri ərazilərdə separatçılıara dəstək verirlər. Yəni, sülhməramlıların oradan çıxması ilə erməni separatçıların fəaliyyətinə də birdəfəlik son qoyula bilər. Ona görə də qondarma rejim nümayəndələri ara-sıra belə hay-küy qaldıraraq, sülhməramlılardan dəstək almaqla özlərinin separatçı fəaliyyətlərini davam etdirə biləcəklərini düşünürlər. Digər tərəfdən, qondarma rejim nümayəndəsinin belə açıqlama ilə çıxış etməsi Moskvadan gələn təlimatın nəticəsi də ola bilər. Belə ki, Rusiyanın sülhməramlı missiyası bitən kimi bölgədən öz xoşuna çıxacağı gözlənilən deyil. İstisna deyil ki, Moskva hələ bölgədə uzun müddət qalmaq niyyətindədir. Bu baxımdan, Kreml ara-sıra Qarabağ separatçıları və İrəvan rəsmilərinin dililə sülhməramlıların hələ xeyli müddət regionda qalmasına zəmin hazırlamaq istəyir. Beqlaryanın açıqlaması əsasən də məhz bu məqsədə xidmət edir.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, separatçıların bu sayaq açıqlamaları istəkdən o tərəfə getməyəcək: "Bu əslində yeni fikir deyil. Erməni separatçıları təxminən ilyarımdır ki, bu sözləri təkrarlayır. Amma nə qədər təkrarlasalar da, belə açıqlamaların heç bir mənası yoxdur. Çünki ortada 10 noyabr sənədi var. Orada sülhməramlıların Qarabağda qalma müddəti konkret göstərilib. Burada həmçinin hansı tərəflərin Rusiya sülhməramlılarının çıxarılmasını tələb etməyə haqqı olduğu da göstərilib”.
Ekspert qeyd edir ki, qondarma rejim nümayəndəsinin dili ilə Moskva mesaj verir: "Beqlaryandan bu müsahibəni Rusiyanın RİA informasiya agentliyinin alması da təsadüfi deyil. Müsahibədə əsas məqsəd məhz prosesdə Rusiyanın rolunu nümayiş etdirmək, onu dəstəkləmək olub. Həmin müsahibədə Beqlaryanın Avropa İttifaqının "Dağlıq Qarabağ münaqişəsinin” həllində rolunun olmadığı barədə fikri də yer alıb. Yəni Rusiya Qarabağ erməniləri vasitəsilə həm Ermənistan cəmiyyəti, həm də Avropaya mesaj verir ki, Aİ bu işlə məşğul olmamalıdır. Ona görə də bəyan edirlər ki, Rusiyanın bölgədəki sülhməramlı fəaliyyəti uzunmüddətli olmalıdır. Beqlaryanın mesajı provokasiya xarakterlidir və beynəlxalq hüquqa ziddir”.
Rüfət Sultan