İdman 13:54 20.10.2023

Mourinyo yenidən "Real Madrid"ə rəhbərlik edə bilər

"Roma"nın baş məşqçisi Joze Mourinyo "Real Madrid"in baş məşqçisi postuna iddialılar sırasındadır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

"Real Madrid" rəhbərliyi Mourinyonu 2024-cü ilin yayında, "Los Blancos"un hazırkı baş məşqçisi Karlo Ançelotti ilə müqavilə başa çatdıqdan sonra dəvət etməyi planlaşdırır. 

Aprel ayında Mourinyonun Səudiyyə Ərəbistanından 120 milyon avro dəyərində iki təklif aldığı bildirilmişdi. Lakin onun təklifdən imtina etdiyi deyilir.

Karlo Ançelotti gələn yay "Real Madrid"i tərk edəcək və Braziliya millisini çalışdıracaq.

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"ə başçılıq edib. Komanda onun rəhbərliyi altında La Liqanın, Kral Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. Portuqaliyalı iki dəfə - "Portu” və "İnter”lə Çempionlar Liqasının qalibi adını qazanıb. O, "Real Madrid", "İnter" və "Portu"dan başqa "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"də də çalışıb.

Aydın