Xəbər lenti

Müharibə dayanır, Ukrayna İsveçrə və ya Avstriyaya çevirilir? (ŞƏRH)
Siyasət12:16 17.03.2022

Müharibə dayanır, Ukrayna İsveçrə və ya Avstriyaya çevirilir? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Financial Times" nəşrinin məlumatına görə, Moskva ilə Kiyev danışıqlarda ciddi irəliləyişlərə nail olub. Danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin dediyinə görə, Kiyev Ukraynanın gələcək statusunun Avstriya və ya İsveçrə modelində olmasına tərəfdar çıxıb. Həmin varianta əsasən, Avstriya və İsveçrənin öz ordusu və hərbi dəniz donanması olsa da, onlar hərbi baxımdan heç bir beynəlxalq alyanslara qoşulmurlar. 
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da mətbuata açıqlamasında bu variantın müzakirə edildiyini təsdiqləyib.
"Bu variant kompromis olaraq müzakirə edilə bilər. Ukrayna ətrafında vəziyyət hər iki tərəfin nümayəndələri arasında razılığın əldə edilməsi nəticəsində yaxşılaşa bilər”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, İsveçrə və Avstriya özlərinin güclü ordusuna malikdir. Bununla belə, bu iki ölkə NATO əhatəsində olsa da, bu blokda iştirak etmir.
Ölkənin neytral statusu və ya neytrallığı beynəlxalq hüquqda dövlətin cəlb edilə biləcək münaqişə, müharibə hərəkətlərdən çəkinməsi deməkdir. Yəni ölkə başqa dövlətlər arasında müharibələrdə iştirak etmir, hərbi-siyasi bloklarda iştirakdan imtina edir, onlara qoşulmur, həmçinin hərbi arsenalını azaldır.
Əvvəlcə neytral dövlətin vəzifələrinə yalnız müharibəyə cəlb edilməkdən çəkinmək daxil idi. Sonralar öhdəlikləri sırasına müharibə aparan dövlətə hər hansı yardımdan tamamilə imtina da daxil edildi.
Beynəlxalq hüquqa görə, neytral statuslu ölkələrə hərbi münaqişə zamanı üç məhdudiyyət qoyulur: 1)Döyüşən tərəflərə öz silahlı qüvvələrini verməmək; 2) Öz ərazilərini döyüşən tərəflərin istifadəsinə verməkdən (baza, tranzit, uçuş və s.) imtina etmək və 3) Silah və hərbi malların tədarükü zamanı tərəflərdən heç birinə ayrı-seçkilik etməmək.
Dünyada hazırda 6 ölkə neytrallıq statusuna malikdir. Bunlar Avstriya (26.10.1955-ci il tarixli daimi neytrallıq haqqında qanun); Kamboca (Suverenlik, müstəqillik, ərazi bütövlüyü, toxunulmazlıq, neytrallıq və milli birlik haqqında 23.10.1991-ci il tarixli saziş); Laos (23 iyul 1962-ci il tarixli neytrallıq bəyannaməsi); Malta (14.05.1981-ci il tarixli neytrallıq haqqında bəyannamə); Türkmənistan (27 dekabr 1995-ci il tarixli daimi neytrallıq haqqında qanun) və İsveçrə (İsveçrənin daimi neytrallığının və ərazisinin toxunulmazlığının tanınması və təminatı haqqında 1815-ci il tarixli Akt).
Rusiya bu günə qədər Kiyevin nəinki NATO üzvülüyündən imtinasını, həm də ordusunun sayının cəmi 60 minə endirilməsi, hücum silahlarına malik olmaması kimi tələblər irəli sürürdü. Bu isə Ukrayna üçün məqbul deyildi. Belə bir vəziyyətdə, görünür, kompromis variant olaraq Ukrayna ortaq məxrəcə gəlmək üçün İsveç və ya Avstriya modelini irəli sürüb. Bu xüsusda Ukrayna istiqamətində ordusunun çətin durumla üz-üzə qalması böyük ehtimalla Moskvanı da həmin modelə ümumən razılıq verməyə məcbur edib. Belədə, Rusiyanın əvvəl irəli sürdüyü digər tələblərdən vaz keçəcəyi də istisna deyil. Bu isə o anlama gəlir ki, tədricən hərbi əməliyyatlar səngiyəcək.
Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra səsləndirdiyi fikirlər də artıq Kiyevlə danışıqlar istiqamətində müsbət irəliləyişlərin olduğundan xəbər verir. Rusiya XİN şefi bildirib ki, Vladimir Putinlə Volodimir Zelenskinin görüşmələrinə heç bir əngəl yoxdur. Bundan başqa, son günlər Ukrayna rəsmiləri də danışıqlarla bağlı bir sıra optimist açıqlamalarla yadda qalıblar. Məsələn, Ukraynanın xarici işlər naziri, Prezident Ofisi rəhbərinin müavininin verdikləri bəyanatlar belə qənaətə gəlməyə əsas verib.
Bu fonda "Financial Times" qəzetinin açıqlaması da belə qənaətə gəlməyə imkan verir ki, yaxın zamanlarda Ukrayna istiqamətində hərbi əməliyyatlara son qoyulacaq...
Rüfət Sultan