Əgər münasibətləriniz donmuş kimi görünürsə, narahat olmayın. Korktaun Universitetinin Tibb Məktəbinin psixiatriya kafedrasının dosenti, psixologiya elmləri doktoru Kurt V. Ela bildirir ki, bu, çoxlarına tanış haldır.
Qaynarinfo-nun məlumatına görə, onun "Psychology Today" üçün yazdığı məqalədə göstərilir ki, "Talker Research"ın məlumatına əsasən, amerikalıların təxminən 1/4-i münasibətlərdə "münasibətlər platosu" yaşayır. Ən geniş yayılmış əlamətlər romantik jestlərin azalması (50%), rutin və daha az ehtiraslı yaxınlıq həyatı (46%) və mənalı söhbətlərin olmamasıdır (41%). Lakin ekspertin sözlərinə görə, münasibətləri "yenidən yükləməyin" real yolları var:
1. Prioritet - bir-birinizi seçmək
Bu, sadə səslənsə də, gündəlik həyatda çox vaxt unudulur. Partnyoru "görmək” vacibdir: axşam yeməyi zamanı telefonu kənara qoymaq, göz təması saxlamaq və işi, qayğıları bir kənara qoyub bir-birinizi seçmək. Əgər nəsə mane olursa, bunu etiraf edin və növbəti dəfə daha yaxşı etməyə çalışın.
2. Həftəlik münasibət yoxlamaları
Həftədə bir dəfə vəziyyətinizi müzakirə etmək üçün vaxt ayırın. Bu, gərgin olmamalıdır - görüş sakit və açıq şəkildə keçməlidir. Daimi söhbətlər anlaşılmazlıqların qarşısını alır və bağınızı gücləndirir.
3. Həddindən artıq deyil, amma daha çox ünsiyyət
Ünsiyyətin azalması uzaqlaşmaya, incikliyə və narahatlığa səbəb olur. Gününüzdə baş verənləri, maraqlı və ya çətin məqamları bölüşmək empatiyanı və birlik hissini artırır.
4. Minnətdarlıq mədəniyyəti
Partnyorun səylərini görmək və dəyərləndirmək vacibdir. Uzaqlaşma zamanı insanlar bir-birinin əməyini görməməyə başlayır, hətta münasibətləri yarışa çevirə bilirlər. Kiçik şeylər üçün minnətdarlıq müsbət qarşılıqlılığı gücləndirir.
5. Fiziki təmasın gücü
Toxunuşlar emosional bağları möhkəmləndirir, oksitosin səviyyəsini artırır, bu isə stresi azaldır və münasibətlərdə təhlükəsizlik hissi yaradır.
6. Birlikdə əylənmək
Həyat çətindir və çox vaxt iş, ödənişlər və öhdəliklər arasında itirik. Amma birgə sevinc və əyləncə üçün zaman tapmaq vacibdir — bu, münasibətlərdə istiliyi və yüngüllüyü qoruyur.
Aydın
Şərhlər