Dünya 18:21 01.08.2022

Müqtəda Sədr İraqın siyasi sisteminin dəyişməyin tələb etdi

İraqın Sədr Hərəkatının lideri bəyanat dərc edərək İraqın siyasi sistemi və konstitusiyasının dəyişdirilməsinə çağırıb.

Qaynarinfo bu barədə Anadolu-ya istinadən xəbər verir.

Sədr həmçinin Həşd əl-Şaabi və qəbilələrdən yaşıl zonada tərəfdarlarının aksiyasına dəstək vermələrini və iştirak etmələrini istəyib.

Konstitusiyanın dəyişdirilməsini və parlament sistemindən əl çəkməyi tələb edən Sədr istədiyi siyasi sistemin növünün prezidentlik, yoxsa başqa növ olduğunu açıqlamayıb.

Sədrin bəyanatından sonra bu gün onun minlərlə tərəfdarı yenidən hazırda Sədr tərəfdarlarının əhatəsində olan yaşıllıq ərazisinə axışıb.

İraqdakı mövcud vəziyyətin xülasəsi:

İraqda 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gələn şiə siyasi və dini lideri Müqtəda Sədr hökuməti qura bilmədiyi üçün siyasətdən çəkilib. Ondan sonra hökumətin formalaşdırılması məsuliyyəti də bu partiyanın rəqibi olan "Koordinasiya Çərçivəsi” koalisiyasına həvalə edilib.

İranın dəstəklədiyi bu koalisiya iyulun 25-də keçmiş əmək və sosial işlər naziri Məhəmməd Şiya əl-Sudanini baş nazirliyə namizəd göstərəcəyini açıqlayıb.

Bu məsələnin açıqlanmasından sonra Müqtəda Sədr tərəfdarları bir həftə ərzində ikinci dəfə Bağdadın Yaşıl Bölgəsindəki parlament binasına daxil olaraq bu qərara etiraz ediblər. Həmçinin, İraq parlamenti daxilində bəzi etirazçılar iki gün əvvəldən indiyədək davam edən "müddətsiz oturaq aksiya”ya başlayıblar.

İraq Səhiyyə Nazirliyinin məlumatına görə, etirazlar zamanı 125 nəfər xəsarət alıb. Onlardan 25-i hərbçi, 100-ü isə mülki şəxsdir.

Bununla bağlı İraq parlamentinin sədri Məhəmməd Əl-Həlbusi dünən axşam bəyanat yayaraq, Sədr Hərəkatının lideri Müqtəda Sədr tərəfdarlarının hücumuna görə parlamentin iclaslarının növbəti xəbərdarlığa qədər dayandırıldığını açıqlayıb. 

Aydın