
Arif Hacılı istefa verənləri xəyanət etməkdə suçladı
Müsavat Partiyasının sentyabrın 27-də keçirilmiş son qurultayından sonra partiya daxilində yaranan gərginlik hələ ki aradan qalxmaq bilmir. Son bir həftə ərzində təxminən 10 nəfər gəncin və Tovuz rayon təşkilatının üzvlərinin partiyadan istefa vermələrindən sonra isə mediada Müsavatla bağlı bir ajiotaj yaşanır. Bundan sonra da istefaların olacağı deyilir.
Modern.az saytı dünən məlumat yayıb ki, partiyadakı bu gərginliyi səngitmək, kütləvi istefaların qarşısını almaqdan ötrü çıxış yolu aranır: “İndiki mərhələdə isə gündəmdə olan ən əsas çıxış yolu kimi İsa Qəmbərin yenidən başqanlığa qayıtmasıdır. Partiyadakı mənbə bildirir ki, artıq bu istiqamətdə ciddi müzakirələr gedir. Keçmiş başqanın yenidən rəhbər kimi qayıtması üçün əgər İsa Qəmbər razılığını verərsə, fövqəladə qurultay keçirilməsi qaçılmaz olacaq”.
Digər məlumata görə, bu məsələ ilə bağlı keçmiş başqanı razı salmaq hələ ki mümkün olmayıb. Keçmiş başqan İsa Qəmbər yeni başqan Arif Hacılıya dəstək verir və bu dəstəyini o, Müsavat Məclisinin 11 oktyabrda keçirilən toplantısında çıxışı zamanı açıq şəkildə ortaya qoyub. Lakin adını çəkmədiyi mənbəyə istinadən sayt iddia edir ki, əgər partiya daxilindəki gərginlik səngiməzsə və istefaların daha kəskin xarakter alacağı qaçılmaz olacaqsa, bu halda İ.Qəmbər geri qayıtmaq məcburiyyətində qalacaq.
Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı isə bildirdi ki, Müsavatın növbədənkənar qurultayı çağırılacaq. Bunun 6-7 ay ərzində baş tutması gözlənilir. Çünki son qurultayda yarımçıq qalan işləri tamamlamaq lazımdır.
O vurğulayıb ki, partiya nizamnaməsində Müsavatın növbədənkənar qurultayı proseduru nəzərdə tutulub: “Nizamnamənin prosedur qaydalarına görə qurultay nümayəndələrinin üçdə birinin imzası ilə yenidən çağırıla bilər. Qurultayda nizamnamə və əsasnamə dəyişiklikləri olmalı idi, hansı ki, ona vaxt çatmadı. Ona görə də yenidən qurultay çağırıb o dəyişiklikləri etmək qərarına gəldik. Amma məqsəd başqanın dəyişdirilib, yenidən İsa Qəmbərin gətirilməsi deyil”.
Müsavatın Tovuz rayon təşkilatının bütövlükdə istefa verdiyi barədə yayılmış bəyanatın həqiqəti əks etdirmədiyini partiyanın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanov bir daha araşdırma apardıqdan sonra bəyan edib: “Müsavat Partiyası Tovuz rayon təşkilatının keçmiş sədri Miryaqub Ağamirli ”Azadlıq" radiosuna müsahibəsində 400 üzvün istefa verdiyini deyib. Bu tamamilə yalan informasiyadır. Tovuz rayon təşkilatının heç 400 üzvü yoxdur. İstefa verənlərin sayı bir neçə nəfərdir. Qərarı 19 nəfərin qəbul etdiyi iddia olunur. İstefa verənlər heç 19 nəfər də deyil. Rəsmi olaraq 4-5 üzv istefa verib".
Tovuz təşkilatının bütövlükdə istefa vermədiyinə daha bir tutarlı sübut da göstərilə bilər. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu facebook səhifəsində bildirib ki, atası, anası, kənddəki qohumları Müsavat Partiyasının Tovuz rayon təşkilatının üzvləridirlər: “Heç biri istefa verməyib, istefa vermək fikirləri də yoxdur. Ümumiyyətlə, Tovuz təşkilatının nominal üzvlərinin 85 faizi istefa verməyib, sadəcə qeyri-fəal vəziyyətdədirlər”.
Müsavatın Cəbrayıl rayon təşkilatının sədri İzzət Məmmədli isə “Yeni Müsavat”a bildirib ki, rəhbərlik etdiyi təşkilatın istefa verəcəyi barədə yayılan xəbərlər kimlərinsə qəsdən mediaya ötürdüyü yalan informasiyadır: “Cəbrayıl rayon təşkilatı Müsavatda fəaliyyətini davam etdirir və etdirəcək. Biz ömrümüzü Müsavata həsr eləmişik. Arif Hacılı partiyanın başqanı seçilibsə, nə olacaq? Başqan dəyişib deyə biz əqidəmizi dəyişməliyik? Müsavatdan getməliyik? Biz öz əqidəmizdə və partiyamızda qalırıq. Müsavatda sıravi üzv kimi də olsa ölənə qədər qalmaq fikrim var”.
Cəbrayıl RT-nın sabiq sədri, 27 oktyabrda keçirilən qurultayda seçki komissiyasının üzvü olmuş (Qubad İbadoğolunun tərəfdarı kimi) Hamlet Səfixanlı da heç bir istefadan söhbət getmədiyini bildirdi: “Biz Müsavat Partiyasına ideyaya görə gəlmişik, kimdənsə küsüb partiyadan gedəsi deyilik. 22 ildir Müsavatda ömür sərf edirik. Müsavat heç kimin şəxsi mülkü deyil və ola bilməz”.
Müsavatın başqanı Arif Hacılı isə qurultaydan sonra onun nəticələrinə etiraz edərək təşkilatdan istefa verənlərlə bağlı özünün facebook səhifəsində yazıb: “İrəli sürdükləri arqumentlərdən asılı olmayaraq Müsavatı tərk edənlər müsavatçılığa, Rəsulzadənin ruhuna, bu ağır dövrdə Müsavatda qalıb fəaliyyətlərini davam etdirən silahdaşlarına qarşı xəyanət etdilər!”.
Moderator.az-a açıqlama verən Müsavat başqanlığına sabiq namizəd Səxavət Əlisoy isə istefaların bu şəkildə dəyərləndirilməsinin doğru olmadığını bildirib: “Partiyanı tərk edənlər saxtakarlığa, şüarçılığa, mənəm-mənəmliyə, səviyyəsizliyə, yekəxanalığa, harama nifrət edənlərdir”.
A.Hacılı isə bildirib ki, əgər hər hansı bir qrupda və ya profildə kimsə Müsavatın nizamnaməsinə uyğun olmayan, üzvlərin və ya hər hansı bir vətəndaşın şərəf və ya ləyaqətini alçaldan fikirlər işlədibsə, bu məsələlər barədə də partiyanın müvafiq strukturlarına şikayət vermək lazımdır. O, bir qrup gəncin istefasına təəssüfləndiyini və bunun yanlış addım olduğunu söyləyib: “Müsavatın bəzi üzvləri qurultayın nəticəsindən narazı qalaraq partiyanı tərk etdikləri barədə açıqlamalar veriblər. Mən onların bu mövqelərinə görə təəssüf edirəm. Çünki xüsusilə gənclərin belə bir qərar qəbul etməsi əslində həm siyasi, həm də praqmatik baxımdan yanlışdır. Onların həyatında hələ çoxsaylı seçkilər olacaq və yəqin ki, bu seçkilərin bir çoxunda da qələbə çalmaq imkanları yaranacaq. Əgər demokratik prosesdə iştirak edirsənsə, bilməlisən ki, sənin qalib gəldiyin də, məğlub olduğun da seçkilər olacaq. Xüsusilə gənclərin bir seçkidə istəklərinin həyata keçməməsi ilə bağlı istefa vermələri təəccüblüdür”.
A.Hacılı Qubad İbadoğlunun qurultaydakı seçki pozuntuları ilə bağlı şikayətinin araşdırıldığını qeyd edib: “Əgər kimlərinsə hansısa nöqsanlara yol verdiyi barədə faktlar aşkarlanacaqsa, Nizamnamə çərçivəsində müvafiq qərar veriləcək”.
Müsavatın yeni başqanı partiya üzvlərini qarşılıqlı ittihamlara son qoymağa çağırıb: “Mən dəfələrlə bu cür ittihamların dayandırılmasını xahiş etmişəm. Sevinirəm ki, partiya üzvlərinin mütləq əksəriyyəti mənim çağırışıma qoşularaq, birtərəfli qaydada bu cür çıxışlara moratorium qoydular. Ancaq bu məsələlərin özünə də bir faciə kimi yanaşmaq düzgün deyil. Əgər biz demokratik cəmiyyət qurmaq, Müsavatı demokratik üsullarla idarə etmək istəyiriksə, partiya içində olan fikir ayrılıqlarına da plüralizmin təzahürü kimi yanaşmalıyıq. Ancaq kiminsə addımlarında Müsavatın nizamnaməsini pozan məqamlar varsa, bu hərəkətlər barədə müvafiq strukturlara şikayət edilməli və şikayətə obyektiv baxılaraq, müvafiq qərarlar verilməlidir”.
A.Hacılı facebookda Q.İbadoğlunu dəstəkləyən partiya üzvlərinin təhqirə məruz qaldığı hər hansı qrupdan xəbərsiz olduğunu, bu qrupların onun adı ilə bağlanmasının həqiqətə uyğun olmadığını vurğulayıb: “Facebookda yüz minlərlə qrup var. Bu qruplar ilk növbədə onları yaradanlara məxsusdur. Mən bu yaxınlarda hansı qrupların üzvü olmağımla maraqlandım. Məlum oldu ki, 352 qrupun üzvüyəm və bu qruplar ayrı-ayrı mövzularda tanımadığım adamların adına açılan, bir çoxu mənim maraq dairəmə ümumiyyətlə, uyğun olmayan qruplardır. Təxminən 10 qrupdan çıxdım”.
A.Hacılı Müsavatın ayrı-ayrı adamların tərəfdarlarına və qruplara bölündüyü barədə fikirlərlə razılaşmır: “Müsavatda heç bir namizədin tərəfdarı yoxdur. Mən bu bəyanatı qurultaydan dərhal sonra vermişəm. İndi partiyanın bütün üzvləri vahid komanda şəklində fəaliyyət göstərməlidir və mən düşünürəm ki, yaxın zamanlarda seçki kampaniyası dövründə yaranmış rəqabət əhval-ruhiyyəsi aradan qalxacaq. Mən Müsavat Partiyasını heç vaxt kimlərinsə tərəfdarlarına bölməmişəm. 25 ildir siyasətlə məşğulam, heç vaxt ”mənim tərəfdarlarım", “mənim komandam” ifadələrini işlətməmişəm. İstər Xalq Cəbhəsində, istərsə Azərbaycan hakimiyyətində, istərsə də Müsavat Partiyasında fəaliyyət göstərdiyim zaman həmişə çalışmışam ki, üzvü olduğum siyasi təşkilatın, siyasi hökumətin vahid komandası olsun". //musavat.com
Qaynar.info