Xəbər lenti

Müxalifət yenə birləşir? - MÖVQE
Siyasət10:22 09.07.2014

Müxalifət yenə birləşir? - MÖVQE

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2015-ci ildə keçiriləcək parlament seçkiləri yaxınlaşsa da, ölkə siyasətində nəzərəçarpacaq canlanma hiss olunmur. 

2013-cü il prezident seçkilərindən sonra müxalifət partiyalarını özündə cəmləşdirən Milli Şurada "yarpaq tökümü" başladı. Milli Şurada əsas söz sahibi olan Müsavat Partiyasının qurumdan ayrılmaq barədə verdiyi qərar ölkə müxalifətinin əsas birlik modeli hesab edilən qurumun siyasi arenadakı aktuallığını ciddi şəkildə sarsıtdı. Maraqlıdır, bələdiyyə seçkiləri istisna olmaqla, prezident və parlament seçkiləri ərəfəsində müxtəlif qurumlar ətrafında birləşən müxalifət bu dəfə də ənənəsinə sadiq qalacaqmı, yoxsa demokratik düşərgə seçkilərə başqa formatda gedəcək?

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Aktual.az-a müxalifətin yeni qurum ətrafında birləşməsini istisna etmədiyini bildirib: "Ümumiyyətlə, bütün seçkilər ərəfəsində müxalifətin də, iqtidarın da birliyi ola bilər. Yəni nə qədər ki, siyasi partiyalar var bu birlik məsələsi daim gündəmdə olacaq. Məsələn, bu gün Türkiyədə müxalifət partiyaları birləşib seçkilərdə prezidentliyə vahid namizəd göstərir. Yəni bu birlik indi də, seçkiyə üç ay qalmış da ola bilər. Bu məsələlər siyasətin əsas atributlarından biri hesab edilir. Ona görə də, burada təəccüblü bir şey yoxdur".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Milli Şuradan başqa, birlik modelini görmədiyini deyib: "Müxalifətin birlik modeli Milli Şuradır və Milli Şura formatı çərçivəsində real müxalifət mövqeyində olan partiyalar kifayət qədər səmimi və qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Milli Şuradan kənarda hər hansı mexanizm və ya model yaratmaq mövcud situasiyaya adekvat deyil. Hər hansı bir birliyin yaranması üçün sosial və siyasi zərurət olmalıdır. Bu baxımdan da qeyd etdiyim zərurəti Milli Şura modeli özündə ehtiva edir, ona görə də hər hansı struktur yaratmağa ehtiyac yoxdur. Əgər hər hansı siyasi qüvvə bu birlik modeli içərisində yer almaq istəyirsə, bundan ötrü Milli Şuraya müraciət edə bilər və bu müraciət qurumumuz tərəfindən dəyərləndirilə bilər".

REAL Hərəkatı idarə heyətinin üzvü Azər Qasımlı bildirib ki, seçkilərə indidən hazırlaşmaq lazımdır və seçkilərə 2-3 ay qalmış müxalif partiyalardan gələn təkliflərə müsbət baxılmayacaq: "Biz dəfələrlə demişik ki, müxalifət hər zaman olduğu kimi, seçkilərə 2-3 ay qalmış hərəkət etməyə başlayır. Halbuki, bu çox yanlış bir praktikadır. REAL olaraq, biz indidən seçkilərə hazırlaşırıq və paralel olaraq da partiyalaşma, təşkilatlanma işini həyata keçiririk. Bu iki proses bilavasitə bir- biri ilə əlaqəlidir. Çünki biz ilkin təşkilatlanmanı, bilavasitə, seçki dairələrində həyata keçiririk. Bu yaxınlarda da 20 nəfərdən ibarət namizəd siyahımızı da açıqlayacağıq.

Hər hansı müxalifət partiyasının bu prosesdə indidən hər hansı bir təklifi olsa, dəyərləndirməyə hazırıq. Lakin vaxt keçdikcə, hər hansı təklifi dəyərləndirmək daha çətin olacaq və yəqin ki, REAL-ın elan etdiyi namizədlərin müxalifətdən kiməsə güzəştə getmək ehtimalı da aşağı olacaq".

Qaynar.info