"Ermənistan müxalifətinin qanuni yollarla hakimiyyətə gəlməsi şansı yoxdur. Onlar yalnız hərbi çevrilişlə buna nail ola bilər, amma cəmiyyət onlara bu şansı da verməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Nikol Paşinyana qarşı çıxaraq, yenidən fəallaşmağa çalışan erməni müxalifətinin şanslarını dəyərləndirərkən deyib:
"Ermənistan müxalifətinin gücü parlament seçkisində öz əksini tapıb. Demokratiyanın qanunlarına uyğun olaraq onlar əksəriyyətə tabe olmalıdır. Belədə, erməni müxalifəti Paşinyan hökumətinin getməsini istəyirsə, bir yolları qalır. Bu da zorakı çevrilişdən keçir. Ermənistan müxalifəti ya hərbi çevriliş, ya da kütlənin dövlət idarələrinə hücumunu təşkil edə bilər. Müxalifətin kütləvi bazası yoxdur. Amma xeyli sayda keçmiş məmurlar "bəlkə də qaytardılar” arzusu ilə çevrilişə meyil edə bilər. Onların yeganə ümidləri ordunun çevrilişinə, ya da Paşinyana qarşı terror həyata keçirməyə qalıb. Başqa ümidləri yoxdur. Qanuni, hüquqi əsası olan yollara gəldikdə isə, erməni müxalifəti Paşinyan hakimiyyətinə təsir edə bilməyəcək. Erməni xalqı onlara belə bir mandat verməyib”.
Həmsöhbətimiz qeyd edir ki, müxalifətin nə qədər hay-küy qaldırmasından asılı olmayaraq, Paşinyan hakimiyyətdən yalnız öz tarixi vəzifəsini yerinə yetirəndən sonra gedəcək:
"Paşinyan hakimiyyətdən gedənə qədər öz tarixi vəzifəsini yerinə yetirməlidir. Yəni Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmalı, sərhədlər, yollar açılmalı, diplomatik təmsilçilik yaradılmalıdır. Ermənistan bu müddətdə nümunəvi, hüquqi dövlət olmalı, qonşularla düşmənçiliyə son qoymalıdır. Belə dövlətdə isə revanşistlərə, sarkisyanlara, köçəryanlara yer olmayacaq. Ondan sonra Paşinyan hakimiyyətdən gedə bilər”.
Rüfət Sultan