"Nadejdin ciddi nüfuza malik fiqur deyil. Seçkilərdən sonra Rusiyada hər hansı bir ciddi etiraz dalğası da olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Rusiyada martda keçiriləcək prezident seçkisi ərəfəsində liberalların namizədi Boris Nadejdinin şansını şərh edərkən deyib.
"Rusiyada matrda reallaşacaq prezident seçkisi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bu da ondan irəli gəlir ki, Putinin qlobal siyasətdə rolu hamı tərəfindən yüksək qiymətləndirilir. Rusiyadakı seçkilər həm də kənar təsirlər məsələsi baxımından diqqət mərkəzindədir. Boris Nadejdinlə bağlı da fərqli fikirlər səslənir. Bir qrup hesab edir ki, Nadejdin məhz Putin tərəfindən ortaya atılıb. Hələlik Nadejdinin namizədliyi qeydə alınmayıb. Topladığı imzalarda bir sıra qüsurlar aşkarlanıb", deyə Üzeyir Şəfiyev bildirib.
Ekspert qeyd edir ki, Nadejdin seçki marafonuna buraxılsa belə, Putin üçün heç bir problem yaratmayacaq:
"Nadejdin ambissiyalı və narazı kütləyə hesablanmış populist çıxışlar edir. Amma onun şüarları hazırkı situasiyada Rusiya ictimaiyyəti üçün elə də cazibədar, cəlbedici deyil. Putin ölkə ictimaiyyətini Rusiyanın təhlükəsizliyi, milli maraqları məsələsinə fokuslandıra və inandıra bilib. Bu mənada da Nadejdinin Putin üçün hər hansı bir təhlükə yaratdığını düşünmürəm. Nadejdin ciddi nüfuza malik fiqur deyil. Nadejdinin Putinin adamı olduğunu ortaya atmaqla da ona qarşı inamsızlıq yaradırlar".
Həmsöhbətimiz bildirib ki, seçkilərdən sonra Rusiyada elə bir ciddi etiraz dalğasının olacağı da proqnozlaşdırılmır:
"Çünki Putin birmənalı olaraq favoritdir və ölkəni tam olaraq nəzarətdə saxlayır".
Qeyd edək ki, martda Rusiyada olacaq pezident seçkisində namizədliyini irəli sürənlərdən biri də liberal düşüncəli Boris Nadejdindir. O, artıq 105 min imzanı toplayaraq təhvil verib. Fevralın 7-də isə onun qeydə alınıb-alınmayacağı barədə son qərar veriləcək.
Rüfət Sultan