"Kreml qorxur ki, Nadejdinin namizədliyinin qeydə alınması ilə Qərb seçki prosesinə müdaxilə etməklə rəngli inqilab həyata keçirə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədar müxalifət nümayəndəsi Boris Nadejdinin namizədliyinin qeydə alınmamasına münasibət bildirərkən deyib.
"Rusiyanın siyasi elitası anladı ki, Nadejdinin timsalında bütövlükdə ölkə müxalifəti seçkilərdə təmsil olunacaq. Ölkədə hakimiyyətdən narazı olan elektorat mövcuddur. Onların da seçkilərdə müxalifətin namizədini dəstəkləyəcəyi birmənalıdır. Bu isə Kremli ciddi narahat edən məsələdir. Kremldə düşünürlər ki, prezident seçkilərində Qərb prosesə müdaxilə etməklə seçkinin nəticəsini bəhanə edib, etiraz elektoratını ayağa qaldırıb, rəngli inqilab həyata keçirməyə çalışacaq. Məhz bu bəhanələrə şərait yaratmamaq üçün Nadejdinin imzalarında bəzi qüsurlar tapmaqla onun seçkidə iştirakına imkan vermədilər", deyə Natiq Miri bildirib.
Politoloq deyib ki, Rusiya spesifik ölkədir və burada heç zaman seçkilər demokratik şəraitdə keçirilməyib:
"Kreml sadəcə, bəzi namizədlər vasitəsilə Putinin şəksiz qələbəsini təmin etmək istəyir".
Həmsöhbətimiz düşünür ki, müxalif namizəd qeydə alınmayandan və etiraz elektoratının qələbə şansı əlindən alındıqdan sonra, ciddi mənada proseslərə dirəniş göstərərək, küçələrə çıxmaq üçün ideya baxımından stimul da qalmayacaq:
"Buna görə də Nadejdini seçkiyə buraxmadılar. Etirazlar müəyyən regionlarda ola bilər. Ancaq onlar da lokal xarakterli olacaq. Lakin bu etirazlar Putin hakimiyyətinə ciddi təhlükə törətməyəcək. Çünki Ndejdini seçkiyə buraxmamaqla etiraz elektoratının əlindən gələcək perspektiv alındı".
Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyası müxalifətin nümayəndəsi olaraq Boris Nadejdinin namizədliyini qeydə almayıb. Onun topladığı imzalarda bəzi qüsurlar tapılıb. Nəticədə martın 15-17-də olacaq prezident seçkilərində cəmi 5 namizəd iştirak edəcək.
Rüfət Sultan