Xəbər lenti

Naqis statistika, gizli məşğulluq, kölgə iqtisadiyyatı... - İşsizlərin sayı necə hesablanır?
Ekonomiks 13:10 16.09.2024

Naqis statistika, gizli məşğulluq, kölgə iqtisadiyyatı... - İşsizlərin sayı necə hesablanır?

"Azərbaycanda 283,5 min nəfər ancaq məşğulluq mərkəzlərində işsiz kimi qeydə alınanlardır. Onların bir statusu var - işsizlik, hər biri iş gözləyir və iş axtarırlar".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli sentyabrda Azərbaycanda 283,5 min nəfər işsiz olması ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib. 

İqtisadşı hesab edir ki, əslində onların sayı belə hesablanmalıdır:

"Məşğul əhalinin sayı varsa, işləyən əhalinin də sayı var. Odur ki, işləyən əhalini məşğul əhalinin sayından çıxıb işsizliyin səviyyəsini müəyyənləşdirmək lazımdır. İnanıram ki, hesablama bu qaydada aparılsa, Azərbaycanda əhalinin 20-30%-i işsiz olduğu bəlli olar. Amma bir məsələ də var - gizli məşğulluq... Elə vətəndaşlarımız var ki, rəsmən heç bir işlə məşğul olmur. Amma qeyri-rəsmi olaraq müəyyən işlərdə çalışır. Kiməsə odun doğramaq xidməti göstərir, hardasa ofsinat, aşpaz və s. işləyir. Bunun da hesablamasını aparmaq çətindir. Əslində bu, kölgə iqtisadiyyatına rəvac verən tendensiyadır. Azərbaycan hökuməti bunların qaşısını almalıdır. Qeydiyyatlı işin təbliği getməlidir ki, gələcəkdə pensiyaya çıxmaq üçün sığorta kapitalı yığılsın".



İqtisadçı bu gün Azərbaycanda əhalinin böyük əksəriyyətinin işsiz oldğunu vurğulayıb:

"Məşğul olan əhali sırasında pay torpağı almış 1 milyon 700 min əhalimiz məşğul əhali katiqoriyasına aid kimi göstərilir. Bundan əlavə bir o qədər də dövlət qulluqçusu var. Digər kommersiya qurumları ki var, onlarda da çalışan əhali xeyli miqdar təşkil edir. Bununla əlaqədar olaraq məşğul əhalinin sayını şişirdirlər. Əslində pay torpağı olan əhalinin 90% işsizdir. Məsələn, adına 30 sot torpaq düşən vətəndaş necə məşğul əhali kimi sayıla bilər? 30 sot torpaqda nə edə bilər? Düzdür, vətəndaşlar var, hektar yarım torpaq alıb, ancaq böyük əksəriyyətininin torpağı azdır. Çox torpağı olanların da əksəriyyəti öz torpaqlarını satıb, yaxud da icarəyə verib. Pay torpağı alan əhalini məşğul əhali kimi tanımaq doğru deyil".
 
Akif Nəsirli bildirib ki, hökumət qeydiyyat aparmalıdır:

"Ancaq kim torpağını becərirsə, eləcə də başqasının torpağını alıb becərənləri məşğul əhali kimi sayılmalıdır. Mənə torpaq verilib, amma oradan istifadə etmirəm. Vermişəm icarəyə, ildə mən oradan 200 manat icarə haqqı alıram. Bu mənim məşğulluğum deyil, ona görə də bu, düzgün yanaşma deyil".

Akif Nəsirli fermerlərin sayının da dəqiqləşdirilməli olduğunu vurğulayıb:

"Bunu dəqiqləşdirsək, görəcəyik ki, məşğul saydığımız əhalinin 80-90%-i işsizdir. Digər tərəfdən hökumət o vətəndaşı işsiz sayır ki, onlar məşğulluqda işsiz kimi qeydiyyadan keçib. Azərbaycan vətəndaşlarının əksəriyyəti də işlə təmin olunmayacaqlarını bilib qeydiyyatdan keçmir, yəni işsiz statusu almır".

Qeyd edək ki, bu ilin sentyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda 283,5 min nəfər işsiz şəxs olub. Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 8 ay ərzində ölkədə işsizlərin sayı 3,3 min nəfər azalıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->